Dəyərli müəllimlərimizi unutmayaq: Şirməmməd Hüseynov

20:02 / 17.12.2023
635

17 dekabr Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, əziz müəllimimiz Şirməmməd Hüseynovun doğum günüdür. Sevə-sevə xatırlayırıq...

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.

1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU-da filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-da jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU-da mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən 2019-cu ilə kimi BDU-da  mətbuat tarixi kafedrasının professoru olub.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.

Şirməmməd Hüseynov 24 iyun 2019-cu il tarixində 95 yaşında  vəfat edib. Məkanı cənnət olsun.

Şirməmmıd müəllim haqqında tanınmış fikir adamları, jurnalistlər çox söz deyib. Amma mən düşüncələrimi bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan gələcəyin istedadlı jurnalisti, yazarı Əsgər İsmayılovun ürək sözləri ilə bitirmək istəyirəm. Çünki gələcəkdə söz demək haqqı onlara düşər: "Filosoflardan biri deyir: 'Kim adamları tanıyırsa – arifdir. Özünü tanıyırsa – aqildir. Adamlara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çoxdursa – dövlətlidir. İnadkardırsa – iradəsi var. Təbiətini dəyişirsə – uzunömürlüdür. Öləndən sonra unudulmursa – deməli, ölməzdir."  Bəli, Şirməmməd Hüseynov şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş elm adamı idi. O, təkcə müdrik elm adamı deyil, həm də güclü mənəviyyat adamı idi. 

Bizi – tələbələrini hər zaman etibarlı və dürüst olmağa, vətəni qarşılıqsız sevməyə, haqqı nahaqqa qurban verməməyə və daim təhsilli olmağa çağıran, daha doğrusu, bu keyfiyyətlərlə bizləri mənəvi tərbiyə edən, ruhumuzu saflaşdıran müəllimimiz prof. Cahangir Məmmədli hər dəfə dərs zamanı auditoriyada deyir ki, mən bütün bunları Şirməmməd Hüseynovdan öyrənmişəm və indi də sizlərə aşılayıram.

Şirməmməd Hüseynov tükənməz sərvətimizdir. Elm sərvətimiz! Biz tələbələrin bir xoşbəxtliyi də ondadır ki, Şirməmməd müəllimin elmini davam etdirən, sələfinin elm və ülviyyət mükafatını alan etibarlı xələfi əziz Cahangir Məmmədli bu gün bütün canı və qanı ilə, yorulmaq və usanmaq bilmədən təhsil xəzinəsinin qapılarını elm açarı ilə açmağı tələbələrə öyrədir.

Bizim Jurnalistika Fakültəsi hər zaman  Şirməmməd Hüseynov adını uca tutacaq. Hər zaman müqəddəs adına rəğbətlə, saf ruhuna sonsuz məhəbbətlə öz ehtiramını bildirəcək...

Bugünkü – müstəqil Azərbaycan Respublikasının müasir tarixini yazan və dünənki – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən, araşdıran Şirməmməd Hüseynova Tanrıdan rəhmət diləyirik. Əbədiyyət ünvanı nurlu olsun. 

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

0