Şimali Kipr Türk Respublikasının müstəqilliyi tanınacaq? - "Zamanın tələbidir"

SİYASƏT
11:58 / 09.04.2024
622

"Şimali Kipr Türk Respublikasının 50 ildən çox müstəqil dövlətçilik tarixi var".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Şimali Kipr Türk Respublikası özünün pul vahidi və müstəqil maliyyə sistemindən başqa bütün dövlətçilik atributlarına malikdir:

"Bu dövlət Cənubi Kipr və Yunanıstandan fərqli olaraq hər zaman beynəlxalq hüququn normalarına hörmətlə yanaşıb. Şimali Kipr Türk Respublikasını liderləri həmişə adanın vahid dövlət kimi Avropa İttifaqına qəbul olunması mövqeyini təşviq ediblər. Hətta sonuncu dəfə 2004-cü ildə Avropa İttifaqına vahid dövlət kimi üzv olmaqla bağlı keçirilən referendumda adanın türk hissəsi tamamilə müsbət rəy bildirsə də, yunan hissəsi vahid formada ittifaqa qoşulmağı rədd etdi. 

Beləliklə, adanın birləşdirilməsi üçün düşən unikal şans əldən buraxıldı. Bunun da bütün məsuliyyəti adanın yunan hissəsinin üzərinə düşür. Lakin o vaxtda indiyə qədər Şimali Kipr Türk Respublikası beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır".

Ekspert diqqətə çatdırıb ki, Şimali Kipr Türk Respublikası hər zaman Azərbaycanın da diqqətində olub:

347558

"Xüsusilə də Vətən müharibəsindən sonra Azərbaycan Şimali Kiprin müstəqilliyinin tanınması yönündə olduqca əhəmiyyətli addımlar atıb. Türk Dövlətləri Təşkilatına Şimali Kiprin müşahidəçi statusda dəvət olunması barədə təklif və beynəlxalq tədbirlərdə sözügedən dövlətin iştirakı ilə bağlı məhz Azərbaycanın təşəbbüs göstərməsi olduqca önəmlidir. 

Bu gün də Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında əlaqələr üzrə işçi qrupunun yaradılması çox mühüm hadisədir. Artıq tərəflər arasında mədəni, media və humanitar sahədə əməkdaşlıqla bağlı vacib qərarlar verilib". 

Həmsöhbətimiz qeyd edib ki, Şimali Kipr Türk Respublikasını müstəqilliyini tanıya biləcək bir neçə dövlət var:

"Əlbəttə ki, ilk sırada Azərbaycan və türk dövlətlərinin adını çəkmək olar. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Respublikasının müstəqilliyini hər zaman tanıya bilər. Qarabağ məsələsi Azərbaycanın xeyrinə tam ədalətlə həll olunduqdan sonra bununla bağlı perspektivlər açılıb. 

Düşünürəm ki, beynəlxalq aləmdə Fələstin və Kosovonun müstəqilliyinin tanınması barədə aparılan işlər Şimali Kipr Türk Respublikasına da şamil oluna bilər. Bəlkə də, Kosovo və Fələstin Şimali Kiprlə müqayisə etmək doğru olmaz. Amma ən böyük bənzərlik odur ki, faktiki olaraq dövlət mövcuddur".

Aydın Quliyev vurğulayıb ki, Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması artıq zamanın tələbidir:

"Faktiki olaraq, bu gün Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınması üçün Azərbaycanın qarşısında beynəlxalq siyasi maneələr yoxdur. Ona görə də hesab edirəm ki, onu ilk tanıyanlardan biri Azərbaycan olacaq".

Pərviz

0