"Bir həya edin" - Xeyrəddin Xoca

SOSİAL
10:44 / 14.11.2023
918

“Deyəsən, son zamanlar Azərbaycanda bəzi özünü psixoloq hesab edənlərin pul qazanmaq imkanları tükənib. Onlar tez-tez  sosial medialarda, televiziyalarda çıxış edərək, "mən də varam" demək istəyirlər. 

Psixologiya təhsili almaq, psixologiyaya aid kitablar oxumaq, psixoloq olmasını sübut etmək üçün müxtəlif yollarla diplom almaq hələ psixoloq olmaq demək deyil. Necə ki, bir sıra adamlar jurnalistika fakültəsini bitirib jurnalist,  həkimlər Tibb Universitetini bitirib, həkim ola bilmirlər, başqa peşə sahibləri də onlar kimi! Gərək öz üzərində ömrün boyu işləyəsən, öyrənəsən, bütün  yeniliklərdən xəbərin olsun, dünyagörüşünü, savadını, biliyini artıraraq, yaşadığın cəmiyyətin xarakterinə bələd olasan, milli adət-ənənələri biləsən vəs. və i.a.

Dediyimiz bütün sənət, peşə adamlarına, o cümlədən, psixoloqlara aiddir” .

Bu sözləri Hit.az-a tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib. 

X.Qoca bizimlə söhbətində bunları deyib:

“Bu yaxınlarda psixoloq kimi çıxış edən Əfsanə Rüstəmova demişdir ki, əri qadına istədiyi 3000 manatlıq telefonu ala bilmirsə, onun emosional ehtiyacını ödəmirsə, qadının ərindən boşanmaq kimi bir hüququ var. Saytlardan mənə zəng vurub, bu haqda fikirlərimi yazmağımı xahiş etdilər. Mən belə mənasız düşüncəni şərh etmək istəmədim. Çünki Əfsanə Rüstəmova bu fikri ilə minlərlə ailənin dağılmasını təlqin edir! Onun fikrini dinləyənlərin " bu da bizim psixoloq!" deməkdən başqa əlacları qalmır...

Bu günlərdə özünü psixoloq kimi qələmə verən Samirə Bağırova isə deyib ki, valideyinlərin uşaqlarına həyat yoldaşı seçməsi qəbul olunmaz hərəkətdir. " Əgər kişi öğluna gəlin seçirsə, özünə arvad seçir. Şüuraltı artıq, onu bəyənib. Ümumiyyətlə, ata və ananın övladlarına həyat yoldaşı seçməsi çox ayıb bir hərəkətdir!"

Mən də Samirə xanıma bildirmək istəyirəm ki, onun cəmiyyət qarşısında belə fikirlər söyləməsi psixoloqa yaraşmayan çox ayıb bir hərəkətdir! 

Samirə xanım bu fikrini daha yumşaq formada çatdıra bilərdi. Deyə bilərdi ki, hər bir gənc özü özünə həyat yoldaşı seçməlidir. Əlbəttə, təcrübəli valideynlərinin də fikirlərinə hörmətlə yanaşmalıdır. Yoxsa, "ata gəlin seçməklə özünə arvad seçir" demək tərbiyədən, etikadan kənar deyilmi? Adama deyərlər, Azərbaycan dilində danışa bilmirsən, niyə camaatın qarşısına çıxıb ağzına və ağlına gələni danışırsan? Valideyinlərin balalarına qarşı ülvi hisslərini niyə təhqir edirsən?

Sizin kimi "psixoloqlara" bir məsləhət: əvvəlcə dilimizi, danışmağı öyrənin, sonra xalqın qarşısına çıxıb, "psixoloji biliklərinizi" nümayiş etdirin! Özünüzü də hamıdan çox bilən psixoloq kimi göstərməyə çalışmayın! Ağsaqqallarımızdan, ağbirçəklərimizdən utanın, çəkinin, abır-həya edin!...”

Sevinc

 

0