Qida zəhərlənmələri niyə artır?

19:00 / 16.11.2023
957

Bəzi məhsullar daha tez-tez hallarda qida zəhərlənmələrinə səbəb olur. 

 Bu qidaların arasında müxtəlif “fast-fud” qidaları - dönər, qamburqer, pirojki, qutab və sairə var. Əksər hallarda bu qidalar çöldə satılır və hətta bişirilir. Bu isə onları olduqca təhlükəli edir.

Aparılan araşdırmalar zamanı məlum olub ki, son aylar qida zəhərlənmələri artıb. Bura məişət şəraitində hazırlanan qidalar, ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, dönər, turşu müxtəlif salatlar və digər məhsullar olub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, bunun üçün qidaları təmiz halda və gecikdirmədən yemək lazımdır: 

“Zəhərlənmə bütövlükdə götürəndə nə orqanizmdən, nə də istidən asılıdır. Sadəcə olaraq, qida zəhərlənmələrinin yay aylarında daha çox baş verməsi meyvənin daha çox istehlakının yay aylarına düşməsi ilə bağlıdır. Həm də yay aylarında qidaların saxlama qaydaları bəzən pozulur. Ümumiyyətlə, qida zəhərlənmələri çoxsaylıdır. Hər bir qida əksər mikroblar üçün qida vasitəsidir. Ona görə də qida düzgün saxlanılmazsa, temperatur rejimi düzgün seçilməzsə zəhərlənmə halı baş verir. Xüsusilə də ət bulyonları, tərkibində ət olan yeməklər mikroblar üçün qida bazasına çevrilir”.

A.Qeybullanın sözlərinə görə,  ən qorxulu zəhərlənmə ev şəraitində baş verən botulizmdir və bu əksər vaxtlarda ölümlə nəticələnir: 

“Botulizm adətən ölümlə nəticələnən qida zəhərlənməsinə gətirib çıxarır. Buna görə də boyat qidaları uzun müddət saxlamaq məqsədə uyğun deyil. Qidaları daha çox təmiz halda və gecikdirmədən, yəni boyatmadan yemək lazımdır. İkinci tərəfdən də yetişən meyvələrin içərisində olan müxtəlif maddələr, xüsusilə də vaxtından əvvəl istixanalarda, xüsusi süni şəraitdə yetişdirilən və becərilən tərəvəzlərdə bəzi parazitlərlə mübarizə üçün tələb olunan maddələrin, gübrələrin toplanması baş verir. Bunun özü də toksik zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də yaxşı olardı ki, tərəvəzlərin təbii yetişmə dövründə ondan istifadə edək. Tərəvəz istifadə etmədən əvvəl yaxşıca yuyulmalıdır. Aldığımız tərəvəzin təzə olmasına əmin olmaq lazımdır. İnsanlar bu şərtlərə əməl etsələr, yəqin ki, zəhərlənmə halları da minimum olar”.

Sevinc

0