Bəzi insanlar nə üçün doğum günlərini qeyd etmirlər? - MARAQLI SƏBƏBLƏR

SOSİAL
13:26 / 08.05.2025
60

"Bəzi insanlar doğum günlərini ya ümumiyyətlə qeyd etmək istəmirlər, ya da sadəcə ailə arasında keçirirlər". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunun bir neçə səbəbi var:

"Bəzi insanlar başqaları tərəfindən çox görünməyi və göz önündə olmağı sevmirlər. Buna görə də öz doğum günlərini sadəcə ailə üzvləri ilə məhdud tərkibdə keçirmək istəyirlər. Bir növ diqqət mərkəzində olmağı sevmədikləri üçün doğum günlərini yaxınlarının əhatəsində qeyd edirlər. Yəni bu özəl günlərini insanların əhatəsində deyil, öz dairələri daxilində keçirməyi üstün tuturlar". 

372978

Psixoloq digər səbəblərdən də söz açıb:

"Böyük ehtimalla, həmin şəxslər sürprizləri də sevmədikləri üçün doğum günlərində öz əhatə dairəsindən kənara çıxmaq istəmirlər. Nəzərə almaq lazımdır ki, uşaqlıq vaxtlarında yaşadıqları hansısa travmatik hadisəyə görə də bu addımı atan insanlar var. Yəni hansısa doğum günündə yaşadığı bir travmatik hadisə ona bir ömür boyu təsir edir. Nəticədə, o hekayənin təsirindən çıxa bilmədiyi üçün doğum günlərini qeyd etmirlər".

Nabat Mirzəyeva vurğulayıb ki, səbəblər hər insana görə dəyişir:

"Hər bir insan fərqli səbəbə görə bu addımı ata bilər. Məsələn, bəzi şəxslər də doğum günlərini yaşlarının qocalmağa doğru gedən faktor kimi hiss edə bilirlər. Yaşlandıqca özlərinə qapandıqarına görə bu özəl günü keçirmək düşüncəsindən uzaq olurlar. Bəzi insanlar isə doğum gününü adi bir gün hesab edirlər. Ona görə də doğum günlərini qeyd etmirlər. Yəni səbəblər müxtəlifdir".

Pərviz

0