“Google”a məxsus “YouTube” canlı yayımlarda izləyici təcrübəsini dəyişdirəcək yeni bir sistem üzərində işləyir. Platformanın açıqlamasına görə, canlı yayım çatında etkileşim və həyəcan artdığı anlarda reklamlar müvəqqəti olaraq dayandırılacaq.
HİT.az xəbər verir ki, indiyə qədər reklamlardan yayınmağın əsas yolu “YouTube Premium” abunəliyi idi. Lakin yeni sistemlə birlikdə canlı yayım zamanı söhbət pəncərəsindəki aktivlik yüksəldikdə reklamlar avtomatik olaraq arxa plana keçiriləcək. Şirkət bu yeniliyi “kollektiv əhval-ruhiyyəni qorumaq” məqsədi ilə tətbiq etdiyini bildirir.
Sistem canlı yayımda etkileşimin pik həddə çatdığını aşkar etdikdə izləyicilərin diqqətinin yayınmaması üçün reklamları müvəqqəti dayandıracaq. Beləliklə, yayıncılar ən kritik anlarda reklam fasilələri olmadan auditoriya ilə əlaqəni davam etdirə biləcəklər.
Yeni sistemin digər hissəsi yayınçılara dəstək verən istifadəçilərlə bağlıdır. Canlı yayım zamanı “Super Chat”, “Super Stickers” və ya üzvlük hədiyyəsi kimi ödənişli dəstək edən izləyicilər həmin andan sonra reklamsız izləmə imkanı əldə edəcəklər.
“Super Chat” mesajların önə çıxmasını təmin edir, “Super Stickers” isə söhbətə vizual elementlər əlavə edir. Yeni sistemdə bu dəstək təkcə görünürlük deyil, həm də fasiləsiz izləmə imkanı ilə mükafatlandırılır.
Şirkət həmçinin müxtəlif regionlarda yeni funksiyaların genişləndirildiyini açıqlayıb. Kanada, Cənubi Koreya, İndoneziya, Tailand, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə yayınçılar artıq hədiyyə funksiyasından istifadə edə biləcəklər. Bundan əlavə, mobil istifadəçilər GIF göndərişlərini həm şaquli, həm də üfüqi canlı yayımlarda paylaşa biləcəklər.
“YouTube” izləyici davranışlarını nəzərə alaraq, yayınçıların eyni anda həm şaquli, həm də üfüqi formatda yayım aparmasına imkan yaradır. Bu yenilik sayəsində bütün izləyicilər vahid çat mühitində birləşə biləcək.
2025-ci il göstəricilərinə görə ABŞ-da canlı yayım izləmələrinin 30 faizindən çoxu smart televizorlar üzərindən həyata keçirilir. Bu da platformanı müxtəlif cihazlara uyğun həllər hazırlamağa təşviq edib.
Bütün bu yeniliklər “YouTube Premium” qiymətlərində artımın ardından elan olunub. ABŞ-da fərdi abunəlik 13,99 dollardan 15,99 dollara, ailə paketi isə 22,99 dollardan 26,99 dollara yüksəlib.
Samir


