Qərb nəinki Ukrayna ordusunu, özünü də silahlandırmaq istəmir - "Daily Telegraph"

DÜNYA
21:38 / 06.04.2024
187

Qərb kifayət qədər istehsal həcmi olmadığı üçün Ukraynanın silaha olan tələbatını ödəyə bilmir, avropalılar isə hələ də silah xərclərini artırmağa hazır deyillər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" nəşri yazıb.

"Bir çoxları təəccüblənəcək ki, bu necə ola bilər. Artilleriya mərmiləri bahalı bir şey deyil. İşğalçıların qarşısını almaq üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem pul deyil, istehsal gücünün olmamasıdır", deyə müəllif qeyd edib.

Məqalədə bildirilir ki, hətta ABŞ-ın qüdrətli hərbi sənayesi ayda cəmi 28 min 155 mm-lik mərmi istehsal etməyə qadirdir - bu, Ukraynanın ehtiyacının 10%-indən azdır. 

Nəşrin müəllifi qeyd edir ki, Ukraynanın artıq istifadə etdiyi milyonlarla mərmi yeni istehsaldan deyil, əsasən mövcud ehtiyatlardan götürülüb. Bunlar təkcə ABŞ-ın deyil, həm də dünyanın bir sıra digər ölkələrinin - Ukraynaya yardımda iştirakını gizlətmək istəyən ölkələrin ehtiyyatlarıdır.

İndi Qərb əlavə döyüş sursatı istehsalını genişləndirməyə çalışır, lakin temp yavaşdır. Səbəb isə odur ki, Qərb sırf Ukraynanı dəstəkləmək üçün böyük istehsalın yerləşdirilməsinin mənasını görmür və Qərb ordularının özləri də bu tip müharibələr aparmağı planlaşdırmırlar. Bu kontekstdə biz Qərb koalisiyasının Səddam Hüseynin İraqına qarşı müharibəsini xatırlayırıq və bu müharibədə Qərb orduları bütün kampaniya ərzində cəmi 9000 155 mm-lik mərmi atmışdı.

Nəşrin müəllifi qeyd edir ki, Qərb hərbi istehsala xərcləri artırmağa hazır deyil və dövlət büdcəsinin sosial proqramlara xərclənməsini davam etdirməyə üstünlük verir. Buna görə də, Rusiya iqtisadiyyatının NATO ölkələrinin ümumi ÜDM-i ilə müqayisədə kiçik olmasına baxmayaraq, Rusiya hərbi istehsalı artır və ordusu müasir genişmiqyaslı müharibədə əvəzsiz təcrübə qazanır.

"155 mm-lik mərmilərlə bağlı vəziyyətin göstərdiyi kimi, müharibə başlayandan sonra hazırlaşmağa başlamaq çox gecdir. Biz qətiyyətli olmalıyıq və hökumətin işinin bizi sosial yardım və yaxşı maaşlı işlərlə təmin etmək olduğunu düşünməyi dayandırmalıyıq. Hökumətin məsuliyyəti, ilk növbədə, millətin müdafiəsinin qayğısına qalmaqdır", deyə nəşr yazır.

Samir

0