Brüsseldə gizli razılaşmalar əldə edilib - Qapalı müzakirələrin detalları

DÜNYA
09:24 / 09.04.2024
240

Aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşdə gizli müqavilələr imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, erməni baş nazir Nikol Paşinyan Brüsseldən qayıdandan sonra hakim partiyanın deputatları ilə görüşməyib, əvəzində həftəsonu ailəsi ilə istirahət edib.

“Lakin xəbərləri komanda yoldaşlarına çatdırıb. Məsələ ondadır ki, Ermənistana 4 il ərzində 330 milyonluq ümumi dəstək aysberqin görünən tərəfidir. Dərin proseslərin getdiyi, xüsusilə müdafiəsi sahəsinə investisiyaların qoyulması və dəstəyin verilməsi üzrə razılaşmaların əldə edildiyi haqda məlumatlar var. Bu razılaşmalar da ilkin şərtlərsiz olmayacaq”, - nəşr mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Ermənistanın hakim komandasında dərin narazılıqlar var: “Paşinyan aylardır komanda yoldaşlarını Avropaya səfər gündəmi ilə məşğul edib. Bildirib ki, Avropa İttifaqında Ermənistanı səbrsizliklə gözləyirlər, Rusiyaya qarşı sərt siyasətin səbəbi də budur, lakin Brüsseldəki görüş başqa şeyi göstərdi. Hakimiyyətdə müzakirələr gedir ki, hökuməti və ordunu, eləcə də Rusiyanın nüfuzlu fiqurlarını “təmizləmək” şərti var və Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər.

Dünən məlum oldu ki, müdafiə naziri islahatlara başlayıb, bunlardan biri də ordunun yeni nizamnaməsinin dəyişikliyidir. Dəyişikliklər arasında “Ura” sözünün “Yaşasın” sözü ilə əvəzlənməsi var, çünki “Ura” sözü sovet ordusundan miras qalıb və Rusiya ordusuna aiddir”.

0