AK rəhbəri: "Putinin dostları Avropa İttifaqını daxildən dağıtmaq istəyir"

DÜNYA
18:15 / 15.04.2024
154

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinə seçkilərdən əvvəl Putinin dostları olan və Avropa İttifaqını dağıtmaq istəyən ifrat sağçı və solçu siyasi qüvvələri dəstəkləməmək barədə xəbərdarlıq edib. 

HİT.az xəbər verir ki, Almaniyanın RND nəşrinə müsahibəsində o, Aİ-nin xarici və daxildən hücuma məruz qaldığını bildirib.

"Bəli, Avropa üçün təhlükə realdır. Biz nə demokratiyamızı, nə də ümumi Avropamızı təbii qəbul etməməliyik. Biz indi demokratiya və Avropa üçün ayağa qalxmalı olduğumuz ana yaxınlaşırıq. Gəlin özümüzü aldatmayaq: Putinin dostları parçalanma prosesi vasitəsilə Avropa İttifaqını daxildən məhv etmək istəyirlər", deyə AK rəhbəri qeyd edib.

O, həmçinin avropalıları seçkilərə gəlməyə və siyasi mərkəzi gücləndirməyə çağırıb, çünki Rusiya prezidenti bu il Qərbdə gözlənilən bütün qərarlara öz xeyrinə təsir etmək istəyir. Onun sözlərinə görə, söhbət Avropa Parlamentinə seçkilərdən, Şərqi Almaniyadakı seçkilərdən və ABŞ-da prezident seçkilərindən gedir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə sağ populistlərin qələbəsi təhlükəsi barədə xəbərdarlıq etmişdi:

"Sağ populistlər bizim birləşmiş Avropamıza qarşı kampaniya aparırlar. Uşaqlarımız üçün tikdiklərimizi məhv etməyə hazırdırlar. Onlar qaçqınlara və azlıqlara qarşı hissləri alovlandırırlar".

Samir

0