Rusiya ukraynalıları ikinci böyük şəhəri tərk etməyə məcbur etməyə çalışır - "Bloomberg"

DÜNYA
18:51 / 16.04.2024
176

Ukrayna və Qərb rəsmiləri Rusiyanın Xarkov şəhərini atəşə tutmasını dinc sakinləri təxliyə etməyə məcbur etmək üsulu kimi qiymətləndirirlər.

HİT.az xəbər verir ki, Rusiya sərhədinə avtomobillə bir saatdan az məsafədə yerləşən şimal-şərq şəhəri Xarkov son bir ayda raketlər, pilotsuz təyyarələr və idarə olunan ağır bombaların atəşinə məruz qalıb. "Bloomberg" yazır ki, enerji infrastrukturu zədələnib, yaşayış binaları xarabalığa çevrilib.

"Müharibədən əvvəl təxminən 1,5 milyon əhalisi olan şəhər 2022-ci ilin fevral ayından müntəzəm olaraq hücuma məruz qalır, lakin Kremlin son addımları təchizatı kəsmək və şəhəri yaşayış üçün yararsız hala gətirəcək şərait yaratmaq üçün koordinasiyalı səy kimi görünür", deyə anonimlik şərti ilə danışan rəsmilər bildirib.

"Xarkovun mühasirəsi tükənmiş artilleriya ehtiyatlarından və Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zəifləməsindən, eləcə də canlı qüvvə çatışmazlığından istifadə edən Rusiya hərbi əməliyyatının əsas istiqamətlərindən biridir. Genişmiqyaslı müharibənin başlamasından iki ildən çox vaxt keçsə də, şəhərdə yaşayış şəraiti getdikcə daha təhlükəli xarakter alır. Zərər kifayət qədər böyükdür və hücumlar davam edir, buna görə də, əlbəttə ki, sakinlər hələ də orada olsalar, gələn qışa qədər hakimiyyət orqanlarının şəhərin fəaliyyətini bərpa etmək çətin olacaq", deyə materialda qeyd edilir.

Demək olar ki, heç kim rus qüvvələrinin tezliklə şəhəri ələ keçirə biləcəyini proqnozlaşdırmır. Ukrayna ordusu müdafiəsini gücləndirir və prezident Volodimir Zelenskiyə yaxın rəsmilər Rusiyanın ciddi hücum üçün kifayət qədər resursunun olmadığını düşünür. Onların fikrincə, bu, onları panika yaratmağa cəhd etməyə məcbur edib.

Müzakirələrlə tanış olan mənbələrin sözlərinə görə, amerikalı rəsmilər Moskvanın ordunun əhəmiyyətli dərəcədə gücləndirilməsi olmadan Xarkova hücum etmək imkanına malik olduğuna inanmırlar. Prezident Co Bayden administrasiyası da ABŞ-ın enerji cəbhəsində necə kömək edə biləcəyini düşünür.

Samir

0