"Qrenlandiyanın potensial alınması ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp üçün pis sövdələşmə olar, çünki Vaşinqton artıq lazım olan hər şeyi strateji əhəmiyyətli adadan alır".
HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazır.
Müəlliflərin fikrincə, adanın alınması və ya ələ keçirilməsi Vaşinqtonun perspektivini yaxşılaşdırmayacaq, çünki ABŞ orada artıq öz məqsədlərinə nail olub. Məqalədə qeyd olunur ki, Pituffik adasındakı kosmik baza erkən xəbərdarlıq sistemi və Arktika regionu üzərində hava gücünü gücləndirmək üçün mühüm hərbi obyektdir. "Politico" həmçinin yazır ki, Ağ Ev Qrenlandiyada nadir torpaq metallarının böyük bir yatağının Çinə satışının qarşısını ala bilib.
Nəşr Qrenlandiya hökumətinin bəyanatına istinadən bildirir ki, onlar Donald Trampın yeni administrasiyası ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyir.
Bu arada Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, Qrenlandiya və Danimarka arasındakı münasibətlər Danimarka dövlətinin daxili məsələsidir, lakin siyasətçilər ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bəyanatlarını ciddi qəbul etməlidirlər:
"Danimarka və Qrenlandiya arasındakı münasibətlərə gəlincə, bu, əlbəttə ki, ölkə hökumətinin şərh etdiyi kimi, Danimarka üçün daxili məsələlərdir".
Hakkanenin fikrincə, Qrenlandiya və Arktikanın qalan hissəsi Birləşmiş Ştatlar üçün maraqlıdır, çünki onlar xammal və yeni daşıma yolları təmin edə bilirlər. Bu isə o deməkdir ki, onlar birbaşa ABŞ-ın iqtisadi təhlükəsizliyi ilə bağlıdır, ona görə də Trampın sözlərini ciddi qəbul etmək lazımdır.
Eyni zamanda, nazir vurğulayıb ki, Avropa İttifaqı və NATO ABŞ-ın seçilmiş prezidentinin bəyanatlarını kifayət qədər sakit qəbul edir.
Yanvarın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır, çünki bu, milli təhlükəsizlik və azad dünyanın qorunması üçün strateji əhəmiyyət kəsb edir, o cümlədən Çin və Rusiyadan. Gələcək Amerika liderinin sözlərinə görə, adada təxminən 45 min insan yaşayır və onların özləri də Danimarkanın əraziyə qanuni olaraq sahiblik etmək hüququna malik olub-olmadığını bilmirlər.
Samir