Mütəxəssislər bildirirlər ki, nüvə reaktorlarının istismar müddətinin cəmi 40 il olması ilə bağlı geniş yayılmış fikir həqiqəti əks etdirmir.
HİT.az xəbər verir ki, "SlashGear" nəşrinin yazdığına görə, bu müddət əvvəlcə texniki məhdudiyyətlərlə deyil, atom elektrik stansiyalarının tikintisinin iqtisadi səmərəliliyi ilə bağlı hesablamalara əsaslanırdı.
ABŞ-da ilk nüvə reaktorlarına verilən istismar lisenziyaları 40 il müddətinə nəzərdə tutulmuşdu. Lakin sonrakı araşdırmalar göstərib ki, müntəzəm texniki xidmət və təhlükəsizlik tələblərinə əməl olunduğu halda reaktorlar bundan xeyli uzun müddət işləyə bilər.
ABŞ Nüvə Tənzimləmə Komissiyası (NRC) uzun illərdir ki, avadanlığın təhlükəsiz vəziyyətdə olduğunu sübut edən atom elektrik stansiyalarının lisenziyalarını əlavə 20 il uzadır.
Hazırda ABŞ-da fəaliyyət göstərən reaktorların əksəriyyəti bu uzadılmanı alıb. Bəzi enerji blokları isə ikinci dəfə lisenziya yenilənməsindən keçərək 80 ilədək istismar hüququ əldə edib.
ABŞ Energetika Nazirliyi də bildirir ki, hazırda reaktorların 80 ildən sonra fəaliyyətini avtomatik dayandırmasını tələb edən texniki maneə yoxdur. Alimlər hətta bəzi qurğuların 100 ilədək təhlükəsiz istismar imkanlarını araşdırırlar.
Nüvə reaktorunun istismardan çıxarılması prosesi onilliklər davam edə bilər.
İlk mərhələdə istifadə olunmuş nüvə yanacağı stansiyadan çıxarılır. Daha sonra avadanlıq və ərazi radioaktiv çirklənmədən təmizlənir. Tənzimləyici qurumların yoxlamalarından sonra ərazi gələcək istifadə üçün təhlükəsiz hesab edilə bilər.
Mütəxəssislər reaktorların istismardan çıxarılması üçün əsasən üç üsuldan istifadə edirlər:
* dərhal sökülmə – işlər reaktor dayandırıldıqdan qısa müddət sonra başlayır;
* təhlükəsiz saxlanma (SAFSTOR) – obyekt 40–60 il konservasiya edilir ki, radiasiya səviyyəsi təbii yolla azalsın;
* izolə etmə – reaktorun qalıqları xüsusi beton konstruksiyalarla mühafizə olunur.
Çernobıl Atom Elektrik Stansiyasının reaktorları hazırda təhlükəsiz saxlanma sxemi üzrə istismardan çıxarılır. Onların tam sökülməsinin 2060-cı illərdə başa çatacağı gözlənilir.
2026-cı ilin mart ayına olan məlumata görə, ABŞ-da nüvə reaktorlarının orta yaşı təxminən 44 ildir.
Dünyada hazırda istismarda olan ən qədim reaktorlar Hindistanın "Tarapur" Atom Elektrik Stansiyasının 1969-cu ildə işə salınmış birinci və ikinci enerji blokları hesab olunur. Genişmiqyaslı modernləşdirmə və avadanlığın bir hissəsinin yenilənməsindən sonra onlar 2026-cı ildə yenidən istismara verilib.
Ən qədim fəaliyyət göstərən reaktorlar sırasında İsveçrədəki "Beznau-1" və ABŞ-dakı "Nine Mile Point-1" reaktorları da yer alır. Onlar da 1969-cu ildə istifadəyə verilib. Bu fakt göstərir ki, müasir təhlükəsizlik standartlarına əməl edildiyi və vaxtında modernləşdirmə aparıldığı halda nüvə reaktorlarının istismar müddəti ilkin hesablamalardan xeyli uzun ola bilər.
Samir


