“Şuşa azad olunanda elə bildim atam da qayıdacaq” - Atası itkin düşən jurnalist

MÜSAHİBƏ
10:57 / 24.03.2021
17430

Birinci Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların bəziləri sonradan düşmənlə aparılan danışıqlar nəticəsində geri qaytarılsa da, hələ də gözü yollarda qalan ailələr çoxdu. Birinci Qarabağ müharibəsində itkin düşənlərin bir çoxundan rəsmi xəbər alınmadığına görə onlara “şəhid” statusu verilib. Amma bu status itkin ailələrinin gözünü yollardan yığmayıb. 30 ildir minlərlə övlad atasının, bir o qədər də qadın həyat yoldaşının, qardaşının qayıdacağına ümid edir. Hələ övlad itkisinə dözə bilməyib bu dünyadan vatsız köçən ata-anaları demirik... Haqqında danışacağımız itkin Birinci Qarabağ müharibəsində iştirak etmiş Feyruz Heydər oğlu Məmmədovdur.

Feyruz Məmmədov 1941-ci il aprelin 8-i Şuşa şəhərində anadan olub. I Qarabağ müharibəsində Şuşa özünümüdafiə batalyonunun həm mühasibi, həm də minaaxtaranı kimi fəaliyyət göstərib. O vaxt yaşının çox olmasına (51 yaş) baxmayaraq, Feyruz Məmmədovun vətənə olan sevgisi onun döyüşlərə qatılması ilə nəticələnib.

Birinci Qarabağ müharibəsində Şuşada itkin düşən Feyruz Məmmədovun oğlu, jurnalist Bəxtiyar Məmmədli atası ilə bağlı xatirələrini Modern.az-la bölüşüb:

“Atamla nələr yaşamışamsa, hamısını xatırlayıram”

- O dövrdə hamı yaşından asılı olmayaraq müharibəyə, öz vətənini qorumağa can atırdı. Atam da doğulduğu torpaqları qorumaq üçün döyüşlərə atılmışdı. O,  1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı əsir götürülüb.

Həmin vaxtlarda mənim 10 yaşım var idi. 10 yaşıma qədər atamla nələr yaşamışamsa, indi də hamısını xatırlayıram. Atam dəqiqliyi, sədaqətliliyi, etibarlılığı, səmimi olmağı və heç kimdən qorxmamağı sevən adam idi.di. Çünki o özü də elə bir adam idi və bizi də o cür görmək istəyirdi. Onun sevdiyi nə varsa, onların hamısını etməyə çalışıram.

Atam özünümüdafiə batalyonuna qoşulana qədər “Azərbaycan” kinoteatrının Şuşadakı filalında baş mühasib kimi çalışıb. Mülki həyatda son iş yeri ora idi. O, rəssamlıq təhsili də almışdı. Əvvələr hər nəslin bir sənəti olub. Bizdə də dərzilik idi. Mənim babam, əmim, atam da dərzi olub. Təkcə mən ola bilmədim. O, işdən gələndən sonra dərzilik edirdi. Papaq tikməklə məşğul olurdu. Təəssüf ki, mən atamın bacardığı işlərin 10 faizini belə bacarmıram.

Şuşada insanları daha çox ləqəbi ilə tanıyırdılar. Mənim atam həm mühasib, həm də papaqçı Feyruz kimi tanınırdı. Feyruz kişi çox çətinliklər çəkib. 3 yaşı olanda anasını itirib. İki qardaşı da 1941-45-ci illər müharibəsinə gedib, geri qayıtmayıb. Bu il atamın 80 yaşı tamam olur. Müəyyən müddətə qədər başqa əsirlər vasitəsilə atamdan bizə xəbər gəldiyinə görə, onu hərbi əsir kimi qeydiyyata götürüblər.

- Atanızın itkin düşməsini necə öyrəndiniz?

- 1992-ci il Xocalı faciəsi olanda həmin vaxt məni kiçik bacımla birlikdə Yevlaxa - qohumlarımızın yanına apardılar. Xocal hadisəsi rəsmi elan olunmazdan öncə evdəkilər balaca uşaqlarını şəhərdən çıxarmağı məsləhət bilmişdilər.

Şuşa işğal olunana qədər Yevlaxda yaşadıq. Məktəbə də orada gedirdim. Mayın 2-də atamgil Yevlaxa bizi görməyə gəldilər, 6-da geri qayıtmalı oldular.

Anam da atama görə Şuşada qalırdı. Böyük bacım Şuşa Əmanət kassasının müdiri idi. O da məcburən şəhərrə qalmalı olmuşdu.
Biz evdə 5 uşağıq - 4 bacı 1 qardaş.
Mayın 7-dən 8-nə keçən gecə Şuşaya hücum oldu. Ayın 8-i günorta saatlarında Şuşanın ermənilər tərəfindən işğal edildiyini öyrənəndə hamımız şoka düşdük. Atamdan, anamdan, böyük bacımdan xəbər yox idi. Səhv etmirəmsə, ayın 9-u anamla bacım Ağcabədiyə, oradan da Yevlaxa gəldilər. Anamın dediyinə görə,  onlar çıxanda atam deyib ki, “batalyonun qərargahına sənədləri götürməyə gedirəm, siz çıxın, mən də gələcəm”. Axırıncı sözü bu olub.
Anam da bacımı götürüb şəhər camaatı ilə birlikdə dağ yolu ilə Turşsuya, daha sonra avtobusla Ağcabədiyə gəliblər.

Bir müddət atamla bağlı heç bir xəbər çıxmadı. Nə baş verdiyini bilmirdik. Həmin vaxt televiziyaların imkanları indiki qədər yaxşı deyildi. Hər şey qapalı idi, senzura vardı. Anam qohumlarımızla birlikdə atamı axtarmaq üçün hər yerə gedib, bütün imkanlarından istifadə edib.

“Zamanla atasızlığı daha çox hiss etdim...”

- Zaman keçdikcə, atamın dəstəyini görmədikdə, onu arxamda hiss etmədikdə bu mənə çox pis təsir edir. Ata övlada arxa-dayaqdır. Anamın bir sözü var: “Evin böyüyü yataq xəstəsi də olsa, yenə evdə olsun”. Onda ailə tam sayılır. Anam özü təhsilli olmasa da, bizim hamımızı oxutdu.
Həmin il atamı çox axtardılar. Bəylər adlı qohumumuz girovluqdan qayıtmışdı. 1992-ci ilin sentyabr ayında Füzulidən bir nəfər əsirlikdən buraxılmışdı. Ona Şuşa ermənisi bir siyahı vermişdi, orada mənim atamın da adı varmış. Yəni siyahıda olanların əsir və girov düşdüyü bildirilirdi. Bizim qohumlar Ağdam batalyonunun komandiri, Milli Qəhrəman Allahverdi Bağırova əlaqə yaratmışdılar. O demişdi ki, “mən posta gedirəm. Danışmışam, heç bir problem yoxdur. Qayıdan kimi məsələni həll edəcəm”. Atamın buraxılması üçün ilkin razılıq alınıbmış. Allahverdi Bağırov da atamın sağ olması xəbərini almışdı.

Təəssüf ki, Allahverdi Bağırov elə bizimkilərlə danışandan sonra şəhid oldu. Və atamla bağlı məsələ eləcə qaldı.

1996-cı il idi. Bizim qonşumuzun dayısı da Kirs dağında əsir götürülmüşdü. O,  bizə dedi ki, belə bir əsir gəlib, gedin maraqlanın. Əsəb xəstəlikləri inistutuna getdik. Ədalət adında bir oğlan idi. Atamın şəklini ona göstərəndə dedi ki, “bu kişi yanımızda idi”. Əlamətlərini sadaladı. Biz məhəttəl qaldıq.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət etsəm də, atamın əsirlikdə olduğu rəsmən təsdiqlənmədi. Bu informasiyanın doğru olmadığını dedilər. Axtarışlar çox oldu.

Faktiki olaraq atamdan heç bir rəsmi xəbər alınmadığından ona şəhid statusu verildi.
Yaxın insanı itirmək çox pis şeydir. Ömür boyu gözün yol çəkir, hər yerdə onu axtarırsan... Mən də zamanla atasızlığı daha çox hiss edirəm...

“Əgər sağ deyilsə, heç olmasa qəbri olsaydı...”

- 2020-cil noyabrın 8-də Şanlı Ordumuz 28 il erməni tapdağı altında qalan Şuşa şəhərini işğaldan azad edəndə hansı hissləri keçirdiniz?

- Şuşanı işğaldan azad edildiyi barədə xəbər elan olunanda sevincimin həddi-hüdudu yox idi. Elə bilirdim Şuşa azad olundusa, atam da qayıdacaq... Həyəcandan özümə yer tapa bilmirdim...

Amma təəssüf ki, Şuşanın azad olunmasından 3 ay keçməsinə baxmayaraq, mən hələ də ora gedə bilməmişəm. Torpaq həsrəti adamı yandırıb-yaxır. Doğulduğun yurd-yuvanı heç nə ilə müqayisə etmək olmaz.

Şuşa azad olunandan sonra az qala hər gün fikirləşirdim ki, görəsən atam sağdır? Haradadır? Nə xəbər var?
Çox ağır dərddir... Hərdən də düşünürəm ki, əgər dünyadan köçübsə, görəsən qəbri haradadır?

Təsəvvür edin 28 ildir ki, bilmirsən bu adama Yasın oxuyasan, yoxsa can sağlığı diləyəsən... Əgər sağ deyilsə, heç olmasa qəbri olsaydı, ən azı təskinlik tapardıq.
Bizim üçün çox ağırdı. 28 il ümidlə yaşamışam, atamın sağ olduğunu düşünmüşəm. Eyni zamanda, hər zaman Şuşaya geri qayıdacağımıza inanmışam.

“Hərdən elə bilirəm ki, atam kənarda durub bizi izləyir...”

- 10 yaşında Şuşanı tərk edən Bəxtiyar Məmmədli böyüyüb yaşa doldu... Və o gün gəldi ki, ailə də qurdu. Toyunuzda atanız aranızda yox idi. O anlarda nələr düşünürdünüz

- Çox çətin idi... Bacılarımın toyunda atamın olmamağını bir o qədər də hiss etmədim. Amma öz şad günümdə - elçiliyə gedəndə, toy günü atamın yeri çox görünürdü, onun xeyir-duasına ehtiyacım vardı. Atanın ağırlığı bir başqadır. Toyda gözüm ancaq onu axtarırdı. Hər zaman elə bilirəm ki, atam kənarda durub bizi izləyir.

Mən yalnız atamdan rəsmi xəbər çıxandan sonra ailə qurmaq istəyirdim. Amma zaman çox uzandı, artıq yaş da keçirdi... Bacılarım da mənim kimi atamın yolunu gözləyirdilər.. İki bacım da artıq ailə qurub, ikisi isə subaydır.

Atamın bir xüsusiyyəti də var idi. Yeni doğulmuş uşağa heç vaxt dünyadan köçmüş bir insanın adını qoymazdı. Mən nəsildə yeganə oğul övladam. Atam sırf buna görə babamın adını mənə qoymayıb. Bir sözlə, atam hər xüsusiyyətinə görə fərqli bir insan olub. Mən də onun etdiyi kimi edəcəm. O elə edibsə, biz onu doğru bilib, yolunu davam etdirməyə çalışırıq.

“Mütləq Şuşaya qayıdacağıq...”

- Ailə qurandan sonra bir müddət kirayədə qaldım. Müəyyən çətinliklərə görə kirayədən çıxdıq. Hazırda Binəqədi rayonunun Goradıl bağlar massivindəki  “Rabitəçi” Sağlamlıq Düşərgəsində 1 otaqlı mənzildə yaşayırıq. Mənim ailəm, 2 bacım və anam o 1 otağa sığınmışıq. Biz birmənalı şəkildə Şuşaya qayıdacağıq.

- Heç olubmu ki, atanızla yuxuda söhbət edəsiniz?

- Atam yuxularıma çox gec-gec gəlir. Anam onu daha çox görür, nəinki mən. Atam bir neçə dəfə yuxuma girib və məni çox sərt şəkildə danlayıb. Yuxuma gec-gec girməyinə səbəb bəlkə də onu cəmi 10 yaşına qədər görməyimlə bağlıdır.

Atasızlığı hər zaman hiss etmişəm. Elə vaxtlar olur ki, o anlarda insan özünə qapanır və düşünürsən ki, atam olsaydı belə olmazdı, başqa cür olardı..

- Şuşaya qayıdarkən, atanızın xatirəsini əbədiləşdirmək üçün nə etmək istəyərdiniz?

- Şuşaya qayıdandan sonra yaşadığımız binanın divarında onun orada yaşadığının təsvir edilməsini istəyərdim. Ümumiyyətlə, Şuşada şəhid olan, itkin düşən insanların adlarının hansısa bir abidəyə yazılması daha çox yaxşı olardı.

“İtkin ailələrinə də diqqət lazımdır”

- Bayaq dediniz ki, hazırda ananız, iki bacınız və siz həyat yoldaşınızla 1 otaqda yaşayırsınız. Mənzil şəraitinin yaxşılaşdırılması üçün heç “Dövlətqaçqınkom”a müraciət etmisiniz? Axı komitə Vətən müharibəsi başa çatanadək ağır şəraitdə yaşayan köçkünləri mənzillə təmin edirdi...

- Köçkün jurnalistlər bir dəfə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşürdülər. Orada mənim mənzillə təmin olunmağım üçün təşəbbüs göstərmişdilər. Məsələ qaldırıldı, məni çağırdılar. Həmin vaxt bizim yaşadığımız əraziyə yaxın yerdə - Kürdəxanıda şəhərcik salınırdı. Dedim ki, oradan olsa, pis olmaz. Köməklik göstərdilər. Müəyyən sənədlər hazırlandı. Mən həmin vaxt ailə qurmamışdım. Toyuma az vaxt qalmışdı. Bizə iki otaq təklif etdilər. İki otağın az olduğunu bildirdim. Alınmadı və mən də imtina etdim...

- Son olaraq itkinlər barədə nə demək istəyərdiniz?

- Son olaraq onu demək istəyirəm ki, itkin ailələrini də diqqətdə saxlamaq lazımdır. Etiraf edək ki, 44 günlük müharibədə əsir və itkin düşənlərimiz oldu. Onların axtarışı hələ də davam edir. İtkin düşən ailələrin hamısının gözü yollardadır. İstərdim ki, onlara da diqqəti artırsınlar. Müharibə bitsə də, ailələr hələ də gözləyirlər. Ümidlə yaşayırlar...

Allah bir də bizə müharibə göstərməsin. Atalar dünyadan köçməsin, itkin düşməsin, oğullar şəhid, qazi olmasın...

0