İtinizin xoşbəxt olduğunu göstərən 6 əsas əlamət

MARAQLI
23:13 / 15.04.2025
51

İtlərin xoşbəxtliyi, insanlar üçün olduğu kimi, onların rifah səviyyəsindən və gündəlik həyat tərzindən asılıdır. 

HİT.az xəbər verir ki, "HuffPost" portalının paylaşdığı məlumatlara əsasən, baytarlar ev heyvanlarının əhval-ruhiyyəsini anlamaq üçün bəzi əsas göstəriciləri açıqlayıblar.

1. İtin əsas ehtiyacları ödənilməlidir

Nyu-Yorkda yerləşən Kornell Universitetinin Davranış İnstitutundan baytar-biheviorist Keyt Anderson bildirib ki, xoşbəxtlik dedikdə, ilk növbədə rifah səviyyəsi nəzərdə tutulur. İtin aclıq, susuzluq, ağrı, narahatlıq və qorxu hiss etməməsi vacibdir.

2. Bədəni rahat və gərginliksiz olmalıdır

Andersonun sözlərinə görə, xoşbəxt itlər gərgin olmayan bədən dili ilə seçilirlər. Qulaqları geri çəkilmiş olmur, gözlərinin ağ hissəsi görünmür, quyruqları isə (cinsindən asılı olaraq) bədənə uyğun vəziyyətdə və ya rahat halda olur. Baytar Kristi Flinn isə əlavə edir ki, itin çəkisi bədəninin hər dörd ayağına bərabər paylanmalıdır. Ayaqlarını yerdən qaldırması və ya geri çəkilməsi narahatlıq əlaməti ola bilər.

3. Üz ifadələri sakit və rahatlq dolu olur

İnsanlarla oxşar mimikaya sahib olan itlərin xoşbəxtlikləri üzlərindən də oxunur. Əgər it qaşlarını çatmırsa, göz və ağız ətrafı əzələləri rahatdırsa, bu onun özünü yaxşı hiss etdiyini göstərir.

4. Müəyyən gündəlik rutini var

Anderson vurğulayır ki, itlər – eynilə uşaqlar kimi – sabitlik və proqnozlaşdırıla bilən həyat tərzini sevirlər. Gündəlik rutinlərinin dəyişməsi, xüsusilə sahibinin iş qrafikindəki dəyişikliklər, onların narahatlığına səbəb ola bilər.

5. Oyun oynamaq və fiziki aktivlik edirlər

Fiziki fəaliyyət həm bədən sağlamlığı, həm də emosional balans üçün vacibdir. Anderson, fiziki hərəkətləri “zənginləşdirici fəaliyyət” adlandırır və bunun itlərə sevinc gətirdiyini qeyd edir. Flinn əlavə edir ki, təlim və oyunlar itlərin zehni kəskinliyini qoruyur və onların sahibləri ilə münasibətlərini möhkəmləndirir.

6. Özlərini təhlükəsiz hiss edirlər

İtlərin sosial səviyyələri fərqli ola bilər. Flinn deyir ki, utancaq və ya introvert itlərin sərhədlərinə hörmət etmək vacibdir. Məsələn, qonaqlardan onu sığallamamalarını istəmək və ya ictimai yerlərdə itə toxunmamağı rica etmək bu çərçivədə ola bilər.

Flinn bildirir ki, sahiblər bəzən bilmədən itlərini narahat situasiyalarda qoyurlar, halbuki bu vəziyyətlərdən yayınmaq onların rifahı üçün daha yaxşı olardı.

Samir

0