Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

ÖLKƏ
18:01 / 01.08.2020
1544

Ölkəmizdə yeni növ koronavirusla mübarizə davam edir.

31 iyul rəsmi statistikasına görə, dünən ölkə ərazisində ümumi virusa yoluxma sayı 318, müalicə olaraq sağalanların sayı isə 714 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Son günlərin statistikalarına əsasən deyə bilərik ki, müalicə olunaraq sağalan xəstələrin sayı virusa yoluxanlardan 2 dəfə çoxdur. Ölüm sayı da azalır. Virusun daha aktiv yayıldığı aylar bu statistika tərsinə idi.

Bütün azalan statistikalara nəzər saldıqda hazırda davam edən sərt karantin rejiminin, həkimlərimizin əməklərini, onların güclü iş rejiminin nəticəsini danmaq olmaz.

Maraqlıdır, bu statistikanın bu qədər qısa zamanda və ciddi dəyişməsinə əsas səbəb nədir? Virusun təhlükəsi azalıb, yoxsa xaricdən gələn həkimlərin xidmətidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, sağalma sayı yoluxanlarla müqayisədə azdır:

"Əslində qeydiyyata düşməyən, evdə müalicə alan, xüsusi həkimlərə müraciət edərək sağalan yüzlərlə adam var. Onlar da heç bir yerdə qeydiyyata düşmürlər deyə statistikaya əlavə edilmir, nəticədə verilən statistikada onların olmaması təbii hal olur. TƏBİB-in rəsmi statistikası ancaq xəstəxanada qeydiyyata alınan, xəstəxanaya girib-çıxan şəxslərdən ibarətdir. Dəfələrlə demişəm, bir də qeyd edirəm ki, özünə xüsusi həkim tapan, ev şəraitində sağalanlar çoxdur".

Professor deyir ki, hazırda olan müsbət nəticəni xaricdən gələn həkimlərin adına yazmaq düzgün deyil:

"Hazırkı statistikada xaricdən gələn həkimlərin böyük rolu yoxdur. Bu tendensiyadır, əvvəl yoluxanlar çox idi, indi isə vəziyyət nəzarətə alınıb, sağalanlar üstünlük təşkil edir".

Adil Qeybulla qeyd edib ki, bu qədər yoluxma potensialı sərt karantin rejimini ilk dəfə yumşaldıqdan sonra müşahidə edilib:

"Yəqin yadınızdadır sərt karantin rejiminin ilk dəfə yumşaldıldığı ərəfə, demək olar ki, hər kəs virusu unutmuşdu. Bu da düzgün deyil, virusa qarşı həmişə tədbirli davranmaq lazımdır. Əsas məsələ karantin yumşaldılandan sonra da ümumi karantin rejiminin tələb etdiyi davranışlara riayət etməkdir. Əgər qaydalara düzgün əməl edilsə, maskalar taxılsa, sosial məsafəyə əməl edilsə, hesab edirəm ki, nəticə də yaxşı olacaq. Əməl edilməsə, ilk yumşaldılmadakı hallarla qarşılaşacağıq, yoluxma halları yenə artacaq".

0
Cebhe.info