WUF13 necə yadda qaldı?

ÖLKƏ
15:05 / 25.05.2026
130

“Ölkəmiz artıq dünyanın ən böyük qlobal tədbirlərinin keçirildiyi mərkəz olub”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, artıq Azərbaycan siyasi, humanitar, idman, mədəni və digər sahələri əhatə edən dünyanın ən böyük tədbirlərinə ev sahibliyi edir: 


“Bu tədbirlərin hazırlanması və keçirilməsi də ən yüksək səviyyədə olur. Üstəlik, onların hər biri gələcəkdə keçiriləcək tədbirlərə nümunə göstərilir. 17-22 may aralığında Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dediklərimizə bariz nümunədir. Artıq bu tədbir də bir şərəfli bir tarixə çevrildi. 

Azərbaycan paytaxtında keçirdiyi Forumla WUF tədbirlərinə də öz töhfələrini verdi. Cənab Prezident İlham Əliyevin təklifi ilə liderlər konfransının təşkil edilməsi və “Baku Urban Award” mükafatının təsis edilməsini buna nümunə göstərə bilərik. Məsələn, adıçəkilən mükafat hər il bu sahəyə aid olan layihələrin ən yaxşılarına təqdim olunacaq”. 

Millət vəkili qeyd edib ki, Bakının adı bu gündən sonra da BMT-nin ən ali tədbirində daimi olaraq səslənəcək:
“Eyni zamanda, WUF13 həm də gələn qonaqların səviyyəsinə və sayına görə də indiyə qədər keçirilən tədbirlərinin ən böyüyü və ən möhtəşəmi idi. WUF13 tədbirində Azərbaycan başqa dəyərlər də ortaya qoydu. Yəni həm özünün keçmişdəki şəhərsalma və memarlıq, arxitektura mədəniyyətini dünyaya göstərdi, həm də müasir dövrdə qədimliklə çağdaşlığın tandemi olan Bakı şəhərində görülən işləri dünyaya nümayiş etdirdi. 

Əsasən də Qarabağ və Şərqi Zəngəzurda sıfırdan salınan 9 şəhər və yüzlərlə kəndlərdə görülən yenidənqurma, tikinti, bərpa işlərini və orada tətbiq olunan ağıllı kənd, ağıllı şəhər konsepsiyalarını və yenilikləri də bütün dünya göstərmiş oldu. Üstəlik, bu Azərbaycan modeli kimi də ortaya çıxdı”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, BMT-nin bu möhtəşəm tədbirinə gələn qonaqlar, mütəxəssislər, dövlət və hökumət başçıları, şəhər merləri, urbanistlər, mühəndislər, memarların hər biri Azərbaycanın təcrübəsi ilə tanış oldular:
“Bundan əlavə, bölgələrimiz və görülən işlər də kifayət qədər müzakirə mövzusu oldu. Yəni WUF13 təşkilinə, keçirilməsinə və ən yüksək səviyyədə hazırlanması baxımından çox genişmiqyaslı, eləcə də uğurlu ev sahibliyi kimi tarixə düşdü.

Foruma gələn hər kəs Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin inkişafını və aparılan uğurlu işləri öz gözlərilə gördü. WUF13 həm də müasir dünyanın problemlərin həll olunmasında önəmli platforma kimi yadda qalacaq”.

Elmir Mustafa
 

0