Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl istirahət günlərinin yaranması bölgələrə səfərləri artırıb, bu isə günlük kirayə ev bazarında qiymətlərin bahalaşmasına səbəb olub.
HİT.az Milli.az-a xəbər verir ki, xüsusilə Qəbələ, Şəki, Quba, İsmayıllı, Lənkəran, Qax və Nabran kimi turizm bölgələrində günlük kirayə evlərə və fərdi yaşayış evlərinə tələbat kəskin yüksəlib. Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, bayram günləri yaxınlaşdıqca qiymətlər adi günlərlə müqayisədə 30-50 faiz arasında artıb.
Hazırda bölgələrdə sadə şəraitli fərdi həyət evlərinin günlük qiyməti 80-150 manat arasında dəyişir. Orta səviyyəli, təmirli və tam əşyalı evlər isə 150-300 manata təklif olunur. Hovuzlu, geniş həyəti və əlavə istirahət imkanları olan lüks villa və kotteclərin qiyməti 300-700 manat arasında dəyişir. Qəbələ və Şəkidə yerləşən bəzi premium villalarda isə günlük qiymətlər 1000 manata qədər yüksəlir.
Dənizkənarı və meşə ərazilərinə yaxın yerləşən fərdi evlərə maraq daha çoxdur. Sosial şəbəkələr və onlayn elan platformalarında yerləşdirilən günlük evlərin əksəriyyətinin artıq bron edildiyi bildirilir.
Turizm sahəsində fəaliyyət göstərən şəxslər qeyd edirlər ki, son illərdə vətəndaşlar hotellərlə yanaşı fərdi evlərə daha çox üstünlük verirlər. Xüsusilə ailəvi və dostlarla birlikdə istirahət planlaşdıran şəxslər sakitlik və rahatlıq baxımından fərdi həyət evlərini seçirlər. Bu səbəbdən bayram günlərində fərdi ev bazarında qiymətlər daha sürətlə artır.
Daxili turizmdə müşahidə olunan canlanma bölgə iqtisadiyyatına müsbət təsir göstərsə də, bəzi hallarda süni qiymət artımları və standartlara uyğun olmayan evlərin baha qiymətə təklif edilməsi narazılıq yaradır. Vətəndaşlara tövsiyə olunur ki, günlük ev kirayələyərkən qiymətləri əvvəlcədən müqayisə etsinlər, evin şəraiti ilə bağlı detalları dəqiqləşdirsinlər və bron prosesini erkən həyata keçirsinlər.


