28 May: Azərbaycan dövlətçilik tarixinin yeni səhifəsi

ÖLKƏ
15:45 / 26.05.2026
159

“28 May Azərbaycan üçün həddindən artıq böyük və əvəzolunmaz tarixdir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın 5 min il ərzində dövlətçiliyi olub:


“Ölkəmizin müəyyən çətin dövrləri olub, amma bu 5 min il ərzində heç vaxt Azərbaycan müstəqilliyini tam şəkildə itirməyib. Qismən itirdiyi müstəqilliyini də qısa müddətdə bərpa edib. Ən faciəli dövr 19-cu əsrin birinci yarısında Rusiyanın işğalı nəticəsində Azərbaycan bölünməsi ilə baş verib. Lakin yenə də Azərbaycan cənub hissəsində dövlətçiliyini davam etdirdi. Sadəcə şimal hissəsi Rusiyanın işğalı altına düşdü. Halbuki geridə qalan dövr ərzində ölkəmiz bu qədər uzunmüddətli işğala məruz qalmamışdı”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan xalqı bütövlükdə işğal faktı ilə razılaşmırdı:
“Rusiya hakimiyyətinə qarşı üsyanlar baş verirdi. O dövrdə qaçaq hərəkatı meydana gəldi, rus hökumətinə qarşı mübarizə apardılar. 1831-ci ildə Lənkəranda, 1837-ci ildə Qubada, 1838-ci ildə isə Şəkidə çox böyük üsyanlar oldu. Əfsuslar olsun ki, rus hakimiyyəti bu üsyanların hamısını qanla yatırtdı. Ondan sonrakı illərdə Azərbaycan müstəqillik ideyasından bir an belə dayanmırdı.

Nəhayət, 20-ci əsrin əvvəlində Azərbaycanın bu mübarizəsi öz nəticəsini verdi. Təsadüfi deyil ki, 19-cu əsrin sonunda Azərbaycan dövlətçiliyinin yeni bir ideyası ortaya çıxdı. Üç tezisdən ibarət ideya türkləşmək, müasirləşmək və islamlaşmaqdan ibarət idi. Bu, böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə tərəfindən ortaya atıldı. Yəni bu bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt müstəqillik ideyasından, işğala qarşı mübarizədən geri çəkilməmişdi”.

Akif Nağı vurğulayıb ki, illərdir aparılan mübarizə 1918-ci ildə mübarizə öz nəticəsini verdi: 
“O dövrüm milli qüvvələri milli hökumət yaratdılar. Həmin hakimiyyət Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xəlil bəy Xasməmmədov və digərlərindən formalaşırdı. Onların hamısı çox intellektual insanlar idi. 

Üstəlik, o vaxt bizdən fərqli olaraq qonşu ölkələrin heç birində qadınlara səs hüququ verilmədi və ya milli azlıqlara parlamentdə təmsil olunmaq şəraiti yaradılmadı. Yəni Azərbaycan təkcə Şərq, İslam, Türk dünyası üçün yox, elə bütövlükdə dünya üçün nümunə olan bir dövlət nümunəsi ortaya qoydular. Çünki bizim kökümüz, tariximiz qədim dövlətçiliyə bağlı idi”.

Partiya sədri diqqətə çatdırıb ki, 28 may Azərbaycan dövlətçilik tarixində yeni bir səhifə açdı:
“Azərbaycan 28 may 1918-ci ildə müasir tipli dövlət yaratmaqla yeni bir səhifə açdı. Eyni zamanda, müasir Azərbaycan Respublikasının təməli də məhz həmin dövrdə qoyuldu. İndiyə kimi də həmin ənənələr uğurla daha da inkişaf etdirilir”.

Elmir Mustafa
 

0