Bərdədə doğuşdan üç gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
HİT.az APA-ya istinadən xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxılan qadının səhhəti pisləşib və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədənin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Həkimə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı isə bu, Cinayət Məcəlləsinin 142.4-cü (tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Məlumata görə, Z.Əliyev bundan əvvəl Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib, məhkumluğu ödənilib.


