Son günlərdə uşaqlar arasında daha bir virus yayılıb.
Təəssüf ki, söhbət rotavirusdan gedir. Sözügedən virus əsasən azyaşlı uşaqlar arasında sürətlə yayılır. Bu xəstəlik adətən özünü 3-7 gün ərzində biruzə verir.
Bəs uşaqlarımızı rotavirusa yoluxmaqdan necə qoruyaq?
İnfeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında bildirib ki, rotavirusa el arasında "bağırsaq qripi" də deyirlər:
"Rotavirus fekal-oral yolla yayılır. Yəni bu virus təmiz yuyulmamış qidalardan və natəmiz yerlərdən insana keçə bilər. Əsasən çimərliklərdən və dənizdən yayılmağa başlayır. Həmçinin, xəstə adamla birbaşa kontakt yolu ilə də keçə bilər. Ümumiyyətlə, qripdən sonra ən çox yayılan xəstəlik sırasında demək olar ki, rotavirus gəlir".
Həkim rotavirusun simptomları barədə də danışıb:
"Rotavirus ürəkbulanma, halsızlıq, diareya, temperaturun yüksəlməsi kimi simptomlarla özünü biruzə verə bilər. Həmçinin, qastroenteritə də səbəb olur".
Ləman Qalimova vurğulayıb ki, uşaqları virusdan qorumaq üçün diqqətli olmaq lazımdır:
"Birinci növbədə uşaqları təmiz olmayan yerlərə aparmamaq tövsiyə olunur. Həmçinin, yay aylarında dənizdə və çimərliklərdə bu virusun yayıldığını nəzərə almaq lazımdır. Bundan başqa, uşaqlara təmiz yuyulmamış qidaları verməyin. Bu addımları ataraq uşaqları qorumaq mümkündür".
Pərviz