Azərbaycanda 794 nəfər donor gözləyir

SAĞLAMLIQ
21:40 / 13.08.2024
278

Hər il avqustun 13-ü Ümumdünya Orqan Donorluğu Günü kimi qeyd olunur. Hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Buna baxmayaraq ölkəmizdə və dünyada hələ də minlərlə insan öz donorunu gözləyir.

Azərbaycanda orqan donorluğu "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun və digər rəsmi sənədlərlə tənzimlənir. Adıçəkilən qanuna görə, orqan donorluğu dedikdə donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət nəzərdə tutulur.

Modern.az mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb.

Mərkəzdən bildirilib ki, orqan donorluğu ağır orqan çatışmazlığı olan xəstələr üçün onların ömrünü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran ən effektiv yeganə yoldur:

“Vəziyyətdən asılı olaraq donor canlı və ya beyin ölümünü keçirən şəxs ola bilər. Baxmayaraq ki, 20 oktyabr 2020-ci il tarixli qərara əsasən beyin ölümü keçirmiş insanlardan orqan götürülməsinə icazə verilib, Azərbaycan Respublikasının ərazisində hazırda orqan donorluğu və transplantasiyası yalnız canlı donorlardan icra olunur. Orqan transplantasiyası əməliyyatına ehtiyacı olan şəxs ilk öncə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində qeydiyyata düşməlidir. Daha sonra isə, növbəlilik əsasında və hər hansı bir maliyyə proqramı olarkən xəstələr müayinə və əməliyyatlara göndərilir”.

Məlumata görə, Azərbaycanda ümumi olaraq – 794 (onlardan isə qaraciyər üzrə 173, böyrək 225, sümük iliyi 355, buynuz qişa 41) resipiyent donorunu gözləyir. 2023-cü ildə ölkəmizdə 269 (onlardan isə qaraciyər üzrə 66, böyrək 99, sümük iliyi 41, buynuz qişa 64) bu cür əməliyyat icra olunub.


 

0