Mütəxəssis: "Mövsümündə olmayan meyvə-tərəvəzləri yemək çox təhlükəlidir"

SAĞLAMLIQ
10:06 / 08.01.2025
99

"Təəssüf ki, hər fəsildə mövsümündə olmayan meyvə-tərəvəzlər satılır. İndiki qış aylarında da buna çox rast gəlirik". 

Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib. 

Lakin ekspert qeyd edib ki, mövsümündə olmayan meyvə-tərəvəzləri satışa çıxarmaq üçün onların tərkibinə kimyəvi maddələr vururlar:

"Onları birmənalı şəkildə parnik və istixanalar yetişdirirlər. Üstəlik, yetişdirilmə zamanı süni və kimyəvi müdaxilələr də olunur. Hətta mövsümündə olmayan meyvə-tərəvəzləri yetişdirib satışa çıxarmaq üçün hormon və kimyəvi dərmanlardan belə istifadə edirlər. 

Ancaq belə qidaları qəbul etdikdə insanlarda hormon balansı pozulur. Bundan başqa, onkoloji xəstəliklər kimi ciddi təhlükələr yarana, habelə həzm sisteminin və həzm orqanlarının fəaliyyəti pozula bilər. Onları qəbul edən insanlarda ürək-damar sistemi və qan dövranı pozulur. Eyni zamanda, həmin şəxslər qəfil ürək tutmaları, beyinə qan sızma, hətta ölüm kimi təhlükələrlə qarşılaşa bilərlər".

365579

Məhsəti Hüseynova vurğulayıb ki, belə yetişdirilən meyvə-tərəvəzlərin tərkibindəki zərərlər əsla getmir:

"Yəni kimyəvi maddələr və hormonlar onların içərisində qalmağa davam edir. İnsanlar onları yedikdə isə həmin kimyəvi maddələri hormonları da qəbul edirlər. Nəzərə almaq lazımdır ki, mövsümü olmayan meyvə-tərəvəzlər uzaq məsafələrə çatdırılına qədər xarab olmaması üçün yetişmədən yığırlar. 

Üstəlik, mövsümündə olmayan meyvə-tərəvəzlərin orqanizmə saldığı toksit maddələr demək olar ki, əsla xaric olunmur. Yəni bir müddət sonra fəsadları üzə çıxır. Çünki insan orqanizmi həmişə anında reaksiya vermir. Bu isə müəyyən müddət sonra zəhərlənməyə səbəb olur".

O bildirib, mövsümündə olmayan meyvə-tərəvəzləri yemək kifayət qədər zərərlidir:

"Əfsuslar olsun ki, bəzi insanlar sözügedən meyvə-tərəvəzləri satışda görəndə alıb, yeyirlər. Lakin mövsümündə olmayan meyvə-tərəvəzin dadı və keyfiyyəti əsli ilə eyni ola bilməz. Ona görə də onlardan uzaq durmaq lazımdır. 

Hərçənd ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar kimi həssas qruplar bu kimi meyvə-tərəvəzlərdən istifadəyə yönəlirlər. Xüsusilə hamilə qadınlar onlardan istifadə etməklə, həm öz orqanizmlərinin, həm də bətnlərindəki körpənin sağlamlığını təhlükəyə atırlar". 

Pərviz

0