Pilləkən qalxarkən tez yorulmaq, qısa müddətli ürəkdöyünmə hiss etmək və ya gündəlik işləri əvvəlkindən daha yavaş görmək çox vaxt stress və ya yaşlanma ilə əlaqələndirilir. Lakin ürək xəstəlikləri hər zaman güclü sinə ağrısı və ya nəzərəçarpacaq nəfəs darlığı ilə üzə çıxmır. Uzun müddət davam edən kiçik dəyişikliklər ürəyin verdiyi səssiz xəbərdarlıq siqnalları ola bilər.
HİT.az xəbər verir ki, ürək-damar xəstəlikləri bəzi insanlarda uzun müddət heç bir aydın əlamət vermədən inkişaf edə bilir.
İnsanın yerimə sürətinin azalması, pilləkəndən istifadə etməməyə üstünlük verməsi və ya daha tez-tez fasilə verməsi zamanla adi hal kimi qəbul oluna bilər. Halbuki gündəlik həyatda müşahidə olunan kiçik, lakin davamlı dəyişikliklər erkən tibbi qiymətləndirmə tələb edən mühüm əlamətlərdən ola bilər.
Əvvəlki ilə müqayisədə pilləkənləri daha yavaş qalxmaq, günün sonunda tez yorulmaq və ya qısamüddətli ürəkdöyünmə epizodları yaşamaq çox vaxt ciddi qəbul edilmir.
Bəzi insanlar fərqinə varmadan gündəlik fəaliyyətlərini məhdudlaşdırır, daha az piyada gəzir, liftdən daha çox istifadə edir və ya fiziki güc tələb edən işlərdən qaçmağa başlayırlar. Beləliklə, orqanizmin verdiyi kiçik siqnallar gündəlik həyatın bir hissəsinə çevrilərək diqqətdən kənarda qalır. Halbuki ürək xəstəliklərinin hər zaman güclü sinə ağrısı və ya açıq nəfəs darlığı ilə müşayiət olunmadığını bilmək vacibdir. Bəzən insan özünü tam sağlam hiss etdiyi halda, ürək və damar sistemində problemlər səssiz şəkildə inkişaf edir.
Professor Burak Onan simptomsuz inkişaf edə bilən ürək xəstəlikləri və diqqət yetirilməli olan əlamətlər barədə məlumat verib.
Cəmiyyətdə işlədilən "gizli ürək xəstəliyi" ifadəsi tibbi termin deyil. Bu anlayış heç bir aydın şikayət yaratmadan inkişaf edən və ya zəif əlamətlərinə görə gec aşkarlanan ürək və damar xəstəliklərini ifadə edir.
Ürəyi qidalandıran damarlardakı daralmalar, bəzi ürək qapağı xəstəlikləri, ritm pozğunluqları və ürəkdən çıxan əsas damarın genişlənməsi uzun müddət heç bir əlamət verməyə bilər.
Bəzi hallarda ürək xəstəliyi rutin müayinə zamanı eşidilən ürək küyü, qan təzyiqinin yoxlanılması, əməliyyatdan əvvəl aparılan müayinə və ya başqa səbəblə edilən görüntüləmə zamanı təsadüfən aşkar edilir.
Bu səbəbdən hər hansı şikayətin olmaması ürəklə bağlı problem olmadığı anlamına gəlmir.
Ürək xəstəlikləri əlamət verdikdə belə, bunları hər zaman asanlıqla fərq etmək olmur. Əvvəllər rahat gedilən məsafədə tez yorulmaq, pilləkən qalxarkən qısa müddətli nəfəs darlığı, sinədə təzyiq və ya narahatlıq hissi, vaxtaşırı ürəkdöyünmə, başgicəllənmə və ya fiziki dözümlülüyün azalması diqqətdən kənarda qala bilər.
Bu dəyişikliklər çox vaxt yaşlanma, gərgin iş qrafiki, yuxusuzluq və ya stresslə əlaqələndirilir.
Əsas məsələ təkcə bir dəfə yaranan yorğunluq deyil, insanın əvvəlki həyat tərzinə nisbətən baş verən davamlı dəyişikliklərdir.
Əvvəl rahat qət edilən məsafəni getməkdə çətinlik çəkmək, gündəlik işləri daha çox fasilə ilə görmək və ya əvvəllər problem yaratmayan hərəkətlərdən qaçmağa başlamaq orqanizmin mühüm xəbərdarlıq siqnalları ola bilər.
Bu əlamətlər hər zaman ürək xəstəliyini göstərməsə də, təkrarlanırsa və ya getdikcə güclənirsə, mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Ürəyi qidalandıran damarlardakı daralmalar bəzi insanlarda sinə ağrısı əvəzinə yalnız fiziki fəaliyyət zamanı tez yorulmaqla özünü göstərə bilər.
Ürək qapağı xəstəlikləri nəfəs darlığı və ya gündəlik fəaliyyətin ləngiməsinə səbəb ola bilər. Ritm pozğunluqları isə aralıq ürəkdöyünmə ilə özünü büruzə verə bilər.
Ürəkdən çıxan əsas damarın genişlənməsi əksər hallarda başqa səbəblərlə aparılan görüntüləmə müayinələri zamanı təsadüfən aşkarlanır.
Bu səbəbdən ürək xəstəlikləri üçün hamıya aid olan vahid əlamət yoxdur. Risk faktorları ilə yanaşı, insanın gündəlik həyatındakı dəyişikliklər də diqqətlə qiymətləndirilməlidir.
Ailəsində erkən yaşlarda ürək xəstəliyi olanlar, yüksək qan təzyiqi, şəkərli diabet və ya yüksək xolesterindən əziyyət çəkənlər, siqaret çəkənlər və oturaq həyat tərzi keçirənlər ürək-damar xəstəlikləri baxımından daha yüksək risk qrupuna daxildir.
Artıq çəki, yaşın artması və uzun müddət nəzarətsiz qalan xroniki xəstəliklər də riski yüksəldir.
Daha əvvəl ürək xəstəliyi diaqnozu qoyulmuş, ürək qapağı problemi olduğu bildirilmiş, stent qoyulmuş və ya ürək əməliyyatı keçirmiş şəxslər özlərini yaxşı hiss etsələr belə, həkimin tövsiyə etdiyi müayinələri gecikdirməməlidirlər.
Çünki bəzi ürək xəstəliklərində müalicənin vaxtı yalnız şikayətlərə deyil, ürəyin quruluşunda və fəaliyyətində baş verən dəyişikliklərə əsasən müəyyən edilir.
Ürəyin qiymətləndirilməsi hər kəs üçün eyni müayinələrdən ibarət standart paket kimi qəbul edilməməlidir.
Müayinələr insanın yaşı, şikayətləri, ailə anamnezi və risk faktorları nəzərə alınaraq planlaşdırılmalıdır.
İlkin qiymətləndirmədə həkim müayinəsi, qan təzyiqinin ölçülməsi və zəruri qan analizləri istiqamətverici rol oynaya bilər.
Zərurət olduqda elektrokardioqram (EKQ) ilə ürəyin ritmi, exokardioqrafiya ilə isə ürəyin quruluşu və qapaqları qiymətləndirilə bilər. Əldə olunan nəticələrə əsasən yüklənmə testi, Holter monitorinqi və digər görüntüləmə üsulları da təyin oluna bilər.
Heç bir şikayəti olmayan hər kəsə bütün müayinələrin aparılması düzgün yanaşma hesab edilmir. Məqsəd riskləri düzgün qiymətləndirmək və yalnız zəruri müayinələri vaxtında həyata keçirməkdir. Bu həm lazımsız müayinələrin qarşısını alır, həm də mühüm problemlərin gözdən qaçırılması riskini azaldır.
Ürək xəstəliklərində erkən aşkar edilən dəyişikliklər vaxtında tədbir görülməsinə və müalicənin düzgün planlaşdırılmasına kömək edir. Xüsusilə risk qrupuna daxil olan şəxslərin həkimin tövsiyə etdiyi müayinə qrafikinə əməl etməsi böyük əhəmiyyət daşıyır.
Yeni başlayan və ya getdikcə artan nəfəs darlığı, fiziki fəaliyyət zamanı sinədə narahatlıq, ürəkdöyünmə, huşunu itirmə və ya ayaqlarda şişkinlik kimi əlamətlər yaranarsa, tibbi müayinəni gecikdirmək olmaz.
Qəfil başlayan güclü sinə ağrısı, ani nəfəs darlığı, huşunu itirmə və ya soyuq tərləmə ilə müşayiət olunan ciddi narahatlıq hissi isə təcili tibbi yardım tələb edə bilər.
Ürəyin verdiyi siqnalları vaxtında hiss etmək üçün yalnız ağrıya deyil, gündəlik həyatda yaranan kiçik, lakin davamlı dəyişikliklərə də diqqət yetirmək vacibdir.
Samir


