SİYASƏT
15:55 / 30.07.2022
752

İqbal Ağazadə Etibar Məmmədovla bağlı nələr dedi? - AMİP lideri iddialara cavab verdi

"İqbal Ağazadənin liderliyi ətrafında birləşmə ola bilər, amma mən kiminsə liderliyinin ətrafında birləşmərəm”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Ümid Partiyasnın sədri İqbal Ağazadə AMİP lideri Etibar Məmmədovun koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı müzakirələrə münasibətində deyib. 

Partiya sədrinin sözlərinə görə, bu heç bir halda müzakirə predmeti də ola bilməz: 

"Nə blok, nə koalisiya, nə Etibar Məmmədov? Mənim heç nədən xəbərim yoxdur. Etibar Məmmədov blok yaradır, "Ümid" niyə onun yanında olmalıdır? Ümid Partiyası bu gün Azərbaycanın əksər partiyalarını öz ətrafında birləşdirə biləcək gücə malikdir. Ümid Partiyası niyə kiminsə ətrafında birləşsin ki? Biz hər hansı bir partiya ilə bloka girsək, bu ancaq "Ümid"in ətrafında ola bilər. Etibar Məmmədovun şəxsinə hörmətim var, amma o, Azərbaycanın bir tarixidir. İndi yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov nə gəzir? Yeni dövrdə Etibar Məmmədov artıq partiyanın sədrliyindən də gedib”. 

İqbal Ağzadə Etibar Məmmədovun Azərbaycan siyasətinin "dərin adamı” adlandırılmasına da münasibət bildirib:

"Kim kimi necə istəsə, adlandıra bilər. Dərindədir lap yaxşı, dərində də qalsın. Mən nə deyirəm ki? Etibar Məmmədov mənim üçün 1988-1990- cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəsaalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il - yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”. 

Qaynarinfo iddialarla bağlı Etibar Məmmədovun da fikirlərini öyrənib. 

"Etibar bəy, böyük siyasətə qayıdışınız və bir neçə partiya ilə koalisiya yaratmağa hazırlaşdığını barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına AMİP lideri belə cavab verib:

"Mən nə deyim ki? Siz bu məlumatı yayanlardan soruşun ki, nəyə əsasən yazıb? Belə jurnalistika olmur axı. Hardan alıb bu məlumatı?”.

Etibar Məmmədov daha sonra fikirlərini konkretləşdirib: "Belə şey yoxdur. Sadəcə bir siyasətlə məşğul olmuş bir şəxs kimi jurnalistləri maraqlandıran suallara cavab vermişəm".

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun uzun fasilədən sonra yenidən aktiv siyasətə qayıtması ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, Etibar Məmmədov koalisiya yaradır. İttifaqa AMİP lideri özü rəhbərlik edəcək. Orada ADP sədri Sərdar Cəlaloğlunun, KXCP sədri  Mirmahmud Mirəlioğlunun, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, "Ümid" lideri İqbal Ağazadənin, Ağ Partiyanın başqanı Tural Abbaslının, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov və digərlərinin yer alacağını bildirib. Mətbuatın yazdığına görə, yeni siyasi birliyin hədəfi qarşıdan gələn parlament seçkilərində müştək iştirakdır.

0