“Son illərdə Azərbaycanın Qırğızıstanla əlaqələri sürətlə inkişaf edir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, biz hər zaman bütün Türk dövlətlərilə, o cümlədən Qırğızıstanla daha sıx və dostluq münasibətlərinin olmasını arzulamışıq:
“Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəal iştirak edir. Azərbaycan da bu format daxilində də Qırğızıstanla sıx əməkdaşlıq həyata keçirir. Xüsusilə son iki il ərzində birbaşa əlaqələrdə daha böyük yaxınlaşma müşahidə olunur. Bu əməkdaşlıq həm siyasi məsləhətləşmələri, həm ön planda olan iqtisadi əlaqələri, həm də regional məsələlərin həllini əhatə edir. Mərkəzi Asiya ölkələrinin - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın Azərbaycanla münasibətlərə, əməkdaşlığa böyük ehtiyacı var”.
Siyasətçi qeyd edib ki, Mərkəzi Asiya dövlətləri birmanalı şəkildə Azərbaycanla əməkdaşlığa üstünlük verirlər:
“Bu əməkdaşlıq vahid bir sistem kimi həyata keçirilir. Qırğızıstan uzun illər təkcə Azərbaycandan deyil, ümumiyyətlə xarici dünyadan müəyyən qədər təcrid olunmuş, Mərkəzi Asiyanın ən qapalı ölkələrindən biri kimi qalmışdı.
Orada Rusiyanın təsir imkanları çox güclü idi. Lakin son bir neçə ildə Qırğızıstan Rusiyanın təsir dairəsindən çıxaraq Avropaya yaxınlaşır və Avropaya inteqrasiya xəttini götürür. Avropaya inteqrasiya isə Azərbaycan ərazisi olmadan mümkün deyil. Qırğızıstanın Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı müstəsna əhəmiyyət kəsb edir”.
Partiya sədri diqqətə çatdırıb ki, Avropa İttifaqı Qırğızıstana böyük maraq göstərir, birgə iqtisadi layihələr həyata keçirilir:
“Yaxın vaxtlarda Avropa İttifaqı mühüm bir qərar qəbul edərək, əvvəllər Qırğızıstan mülki aviasiyasına və təyyarələrinə qoyulmuş uçuş qadağasını aradan qaldırdı. Artıq Qırğızıstan aviasiyası Avropa İttifaqı üzərindən sərbəst uçuşlar həyata keçirə bilir. Mərkəzi Asiya regionunda Rusiyanın təsir imkanlarının zəiflədilməsi baxımından Azərbaycanla əlaqələr Qırğızıstan üçün həyati əhəmiyyət daşıyır.
Eyni zamanda Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələr Mərkəzi Asiyadan keçməklə Azərbaycan, Türkiyə və Avropaya çıxmaqda maraqlıdırlar. Bu marşrut Orta Dəhlizin mühüm bir qolunu təşkil edir. Layihələndirmə və tikinti işlərinə artıq müəyyən dərəcədə başlanılıb. Yaxın 2-3 il ərzində dəmir yolunun təhvil veriləcəyi gözlənilir. Bu dəmir yolu Özbəkistandan Azərbaycana, oradan Türkiyəyə və Avropaya uzanacaq. Qırğızıstan isə bu strateji dəhlizdə mərkəzi rollardan birini oynayır”.
Həmsöhbətimizin sözlərinə görə, tərəflər arasında həm iqtisadi, həm mədəni-tarixi maraqlar, həm də Turan dünyasının birliyi ideyası dayanır:
“Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son səfərləri, keçirilən görüşlər, imzalanan sənədlər, birgə bəyanatlar və Çolpon-Ata Bəyannaməsi qəbul edilməsi müxtəlif sahələri əhatə edən əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Qırğızıstanla münasibətlərin inkişafı Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin mühüm tərkib hissəsidir. Hazırda bu münasibətlər dinamik şəkildə yüksəlir.
İki ölkə arasında ticarət mübadiləsi təxminən 70-80 milyon dollar civarındadır. Başqa ölkələrlə müqayisədə bu nisbətən aşağı rəqəmdir. Sürətlə davam edən proseslər fonunda bu məbləğin, eləcə də əməkdaşlığın həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin kəskin şəkildə artacağı və daha yüksək səviyyəyə çatacağı gözlənilir”.
Elmir Mustafa



