Azərbaycan – Özbəkistan: Əbədi dostluq, bənzərsiz münasibət

SİYASƏT
12:52 / 24.08.2026
269

“Bu bir həqiqətdir ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər çox nümunəvidir”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bugünkü dünyamızda dövlətlərarasında belə əlaqələrə və münasibətlərə rast gəlmək çox çətindir:


“Hər iki dövlətin münasibətlərinin inkişafında son 5 il xüsusi məna və əhəmiyyət kəsb edib. Təkcə son 5 il ərzində Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərlərinin sayının 15-ə çatması bunu təsdiqləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 dəfə Özbəkistanda dövlət səfərində, eyni zamanda 7 dəfə işgüzar səfərdə olması da bunu sübut edir. Bu səfərlər çərçivəsində Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı bəyanat və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri ilə bağlı müqavilə imzalanıb”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində növbəti strateji xarakterli addım atıldı: 
“Bu, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında müqavilənin imzalanması ilə nəticələndi. Bu sənədin əhəmiyyəti olduqca böyükdür. Dahilərdən biri söyləyib ki: “Böyük ağıl sahibləri ideyaları müzakirə edirlər, orta ağıl sahibləri hadisələri, kiçik ağıl sahibləri isə adamları”. Dediyim kimi, böyük ağıl sahibləri ideyaları müzakirə edirlər. İdeyalar müzakirə olunub praktiki müstəviyə keçəndə isə onlar artıq dahi şəxsiyyətlər adlanır.

Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev müasir dövrümüzün dahi şəxsiyyətləridir. Onlar elə bir unikal addım atıblar ki, bunun sayəsində gələcək nəsillərimiz də bu əbədi dostluğa söykənərək münasibətlərimizi keyfiyyətcə yeni, lap yeni mərhələlərə qaldıracaqlar”.

Deputat diqqətə çatdırıb ki, hər iki dövlətin liderinin müstəsna xidmətləri gələcək nəsillərin yaddaşında əbədi həkk olunacaq: 
“Bu gün Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin əbədi dostluq haqqında müqavilə ilə yekunlaşması bənzərsiz bir hadisədir. Tarixdə bunun analoqu çox az ola bilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, biz tarixi günləri, tarixi anları yaşayırıq və həmin müqavilənin özü tarixi bir sənəddir”.

Elmir Mustafa

0