“Bişkek sammiti yalnız Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti toplantısı deyil. Sammit Avrasiya məkanında təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya və yeni geosiyasi reallıqların müzakirə edildiyi mühüm platformalardan biridir”.
Bu sözləri politoloq Anar İsayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ŞƏT-in geosiyasi çəkisi onun üzv ölkələrinin potensialı ilə birbaşa bağlıdır:
“Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərini bir araya gətirən bu format dünya əhalisinin və iqtisadi potensialının böyük hissəsini əhatə edir. Buna görə də təşkilatın qərarları və sammit çərçivəsində aparılan müzakirələr Avrasiya ilə məhdudlaşmayan əhəmiyyət daşıyır.
Bugünkü beynəlxalq münasibətlər sistemində əsas tendensiyalardan biri çoxqütblülüyün güclənməsidir. Bişkek sammiti də Qərb mərkəzli siyasi-iqtisadi yanaşmalardan kənarda formalaşan əməkdaşlıq mexanizmlərinin getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir”.
Ekspert qeyd edib ki, sammitin əsas gündəmlərindən biri təhlükəsizlik məsələləridir:
“Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, terrorizm, radikalizm və regional münaqişələr fonunda ŞƏT ölkələri arasında təhlükəsizlik dialoqu xüsusi əhəmiyyət kəsb edir. İqtisadi və nəqliyyat-kommunikasiya məsələləri də Bişkek platformasını Azərbaycan üçün əhəmiyyətli edir. Avrasiyanın yeni logistika xəritəsi formalaşır və Şərqlə Qərbi birləşdirən alternativ marşrutlara tələbat artır.
Məhz bu kontekstdə Azərbaycanın iştirakı xüsusi siyasi və strateji məna daşıyır. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən mühüm geosiyasi və nəqliyyat qovşağıdır. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə eyni vaxtda müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. Bakı həm Qərb institutları, həm Türk Dövlətləri Təşkilatı, həm İslam dünyası, həm də Avrasiyanın digər əməkdaşlıq formatları ilə münasibətlərini inkişaf etdirir”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın ŞƏT formatında iştirakı xarici siyasətin çoxvektorlu xarakterini nümayiş etdirir:
“Bu, hansısa geosiyasi düşərgəyə qoşulmaqdan daha çox, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin genişləndirilməsi siyasətidir. Azərbaycan üçün Mərkəzi Asiya istiqaməti getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Xəzər dənizi üzərindən Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit halqasına çevirir.
Bişkek sammiti bu baxımdan Azərbaycanın Orta Dəhliz təşəbbüslərini təqdim etməsi üçün mühüm diplomatik platformadır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xətti gələcəkdə qlobal logistika sisteminin mühüm istiqamətlərindən birinə çevrilə bilər.
Azərbaycanın iştirakı həm də onun regional güc statusunun qəbul edildiyini göstərən amillərdən biridir. Qarabağ münaqişəsinin başa çatması, ərazi bütövlüyünün təmin edilməsi və regionda yeni kommunikasiya imkanlarının yaranması Bakının diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib”.
A. İsayev diqqətə çatdırıb ki, Azərbaycanın ŞƏT məkanında fəallığının başqa bir mühüm istiqaməti Çinlə münasibətlərdir:
“Çin Azərbaycanın həm iqtisadi, həm də nəqliyyat baxımından əsas tərəfdaşlarından biridir. Orta Dəhlizin inkişafı bu münasibətlərə əlavə strateji məzmun qazandırır. Eyni zamanda, Azərbaycanın iştirakı Rusiya ilə münasibətlər baxımından da diqqətçəkəndir. Bakı Moskva ilə münasibətlərini qoruyarkən öz xarici siyasətinin müstəqilliyini və milli maraqlarını əsas götürür. ŞƏT kimi platformalar bu balanslaşdırılmış siyasətin nümayiş etdirilməsi üçün imkan yaradır.
Bişkek sammitinin Azərbaycan üçün digər əhəmiyyəti Türk dünyası ilə bağlıdır. Qırğızıstanın ev sahibliyi etdiyi toplantı Mərkəzi Asiyanın türk dövlətləri ilə Azərbaycanın əlaqələrinin daha da dərinləşdirilməsi baxımından əlavə imkanlar yaradır. Burada Azərbaycanın əsas mesajı belə ifadə oluna bilər: Bakı qarşıdurma deyil, əməkdaşlıq, bloklaşma deyil, çoxtərəfli diplomatiya, nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsi tərəfdarıdır”.
Onun sözlərinə görə, Azərbaycanın Bişkek sammitində iştirakı sadəcə diplomatik protokol xarakterli hadisə kimi qiymətləndirilməməlidir:
“Bu iştirak Azərbaycanın dəyişən dünya düzənində özünü müstəqil regional aktor və mühüm tranzit-logistika mərkəzi kimi təqdim etməsi baxımından əhəmiyyətlidir.
Ən mühüm məqam isə Azərbaycanın artıq yalnız Cənubi Qafqazın siyasi gündəliyinə təsir edən ölkə deyil, həmçinin tədricən Qafqazı Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa ilə birləşdirən daha geniş geosiyasi və geoiqtisadi məkanın mühüm aktoruna çevrilməsidir. Bişkek sammiti də bu reallığın nümayiş etdirilməsi baxımından Azərbaycanın maraqları üçün əhəmiyyətli platformadır”.
Elmir Mustafa



