“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən yubiley toplantısı hər cəhətdən diqqəti cəlb edir”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də sözügedən sammitdə iştirakı çox əhəmiyyətlidir:
“Yəni Azərbaycanın belə mötəbər tədbirlərdə iştirakı bizim üçün vacibdir. Eyni zamanda bu gün dünyanı narahat edən bir çox problem var: Yaxın Şərq problemi, Qəzzadakı vəziyyəti, ABŞ-İran gərginliyi, Rusiya-Ukrayna müharibəsi və digərləri. Həddindən artıq çox problem varkən bu məsələlərə dünyanın aparıcı dövlətlərinin münasibəti və orada qəbul olunan qərarlar bizim üçün də önəmlidir”.
Siyasətçi qeyd edib ki, sammitin iştirakçı tərkibi kifayət qədər genişdir:
“Sammitdə dünyanın xeyli aparıcı dövlətlərinin rəhbərləri və nümayəndələri də iştirak edirlər: Çin, Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan, Mərkəzi Asiya dövlətləri bu gün dünya siyasətinin mərkəzində dayanır və burada Qazaxıstanın, Özbəkistanın öz mövqeləri var.
İkitərəfli görüşlər baxımından birinci gün çox zəngin keçdi. Azərbaycan Prezidenti gün ərzində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. İki dövlət arasındakı sülh prosesi, sülhə doğru gedən yoldakı əngəllər və həlli vacib məsələlər müzakirə olundu. Mətbuatdakı məlumatlara görə, Ermənistan Konstitusiyasındakı dəyişikliklərin vacibliyi, anklav kəndlər məsələsi və TRIPP layihəsi kimi mövzulara xüsusi önəm verildi. Bu məsələlərdə razılıq əldə olunmalıdır ki, sülh müqaviləsi imzalansın”.
Partiya sədri vurğulayıb ki, Prezident İlham Əliyev bir sıra dövlət başçıları ilə görüşdü:
“Dövlətimizin başçısı daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdü. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Azərbaycanın Mərkəzi Asiya regionu ilə münasibətlərə xüsusi önəm verdiyini nəzərə alsaq, bu vacib görüş idi.
Cənab Prezident İlham Əliyev həmçinin İran Prezidenti Məsud Pezeşkianla da səmimi və qarşılıqlı anlaşma mühitində görüşdü. Danışıqların əsas hissəsi Azərbaycan dilində aparıldı. Səmimi keçən görüşdə Pezeşkian Azərbaycan tərəfinə minnətdarlığını bildirdi. Bu səhər isə dövlətimizin başçısı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdü. Həmin görüşdə də bir sıra mühüm məsələlər müzakirə olundu”.
Həmsöhbətimiz söyləyib ki, ayaqüstü görüşlər də diqqət çəkdi:
“Azərbaycan, Türkiyə, İran və Özbəkistan Prezidentlərinin bir arada əyləşib söhbət etməsi və şəkil çəkdirməsi xüsusi səmimiyyətin göstəricisidir. Prezidentimizin Rusiya Prezidenti Vladimir Putinlə də ayaqüstü təması oldu. İki ölkə arasında hələ ki yumşalma hiss olunmadığı üçün bu görüş xüsusi maraq doğurur. Danışıqların təfərrüatı açıqlanmasa da, mimika və bədən dilindən Putinin müəyyən məsələlərə bəraət qazandırmağa çalışdığı sezilir.
Çünki Azərbaycan tərəfinin təyyarənin vurulması və digər təxribatlar kimi cinayət tərkibli hadisələrlə bağlı Putinə verəcəyi suallar çoxdur. Bunlardan əlavə, BMT-nin Baş katibi, Tacikistan Prezidenti İmaməli Rəhman və Pakistanın Baş naziri Şahbaz Şəriflə də səmimi ayaqüstü görüşlər baş tutdu”.
Akif Nağı əlavə edib ki, əsas qərarların veriləcəyi və Bişkek Bəyannaməsinin qəbul ediləcəyi ikinci gündən əvvəl başqa bir mühüm tədbir, 6-cı Dünya Köçəri Oyunları da keçirildi:
“Bu tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər qonaqlar iştirak etdilər. Milli geyimdə olan Azərbaycan komandasının bu yarışlarda təmsil olunması soy-kökümüz və türklüyümüz baxımından böyük əhəmiyyət kəsb edir.
Eyni vaxtda keçirilən bu iki böyük beynəlxalq tədbirin bir-birini tamamladığını və Azərbaycan üçün uğurlu nəticələr verəcəyini hesab edirəm. Ümumilikdə Bişkek sammiti və Azərbaycanın oradakı iştirakı çox mühümdür. Bu, Azərbaycanla ŞƏT əlaqələrinin daha da inkişaf etməsinə səbəb olacaq”.
Elmir Mustafa



