Bişkekdə keçirilən sammit yalnız yüksək səviyyəli görüşlər platforması kimi deyil, regionda siyasi və iqtisadi münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm hadisə kimi diqqət çəkir.
Tərəflərin qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və regional əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələri sammitin əhəmiyyətini daha da artırır. Bu görüşün nəticələri həm iştirakçı ölkələrin münasibətlərinə, həm də daha geniş coğrafiyada gedən proseslərə təsir göstərə biləcək mesajlar verir.
Milli Məclisin deputatı Azərbaycan Allahverənov Hit.az-a açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün özünün əhatə etdiyi coğrafiya, iqtisadi potensialı və gündəliyində dayanan məsələlər baxımından dünya miqyasında mühüm platformalardan birinə çevrilib:
“Təşkilat hazırda dünyanı narahat edən bir sıra mühüm məsələləri gündəliyində saxlayır. Regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və humanitar mübadilə kimi istiqamətlər ŞƏT çərçivəsində aparılan siyasi dialoqun əsas mövzularındandır. Bu, dünyanın kifayət qədər güclü dövlətlərinin təmsil olunduğu bir platformada yüksək səviyyəli siyasi dialoqun formalaşdığını göstərir.
Həmin dialoq vasitəsilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr, eləcə də qurumla əməkdaşlıq edən dövlətlər arasında ciddi iqtisadi əlaqələr yaranıb. Nəticə etibarilə bu proses Avrasiya qitəsinin yeni arxitekturasının mühüm seqmentlərindən birinin formalaşmasına xidmət edir. Avrasiya qitəsində həyata keçirilən bir sıra mühüm layihələr ŞƏT məkanında qurulan əməkdaşlıq əlaqələri ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycanın belə bir platformada təmsil olunması mühüm əhəmiyyət daşıyır”.

O vurğulayıb ki, ŞƏT üzvü ölkələrin ərazisində dünya əhalisinin təxminən 40 faizi yaşayır, Avrasiya əhalisinin əhəmiyyətli hissəsi bu coğrafiyada cəmləşib və dünya iqtisadiyyatında da təşkilata üzv dövlətlərin böyük payı var:
“Bu göstəricilər ŞƏT-in artıq yalnız regional deyil, daha geniş beynəlxalq əhəmiyyətə malik platformaya çevrildiyini göstərir. Bu gün təşkilatla əməkdaşlıq edən dövlətlər arasında müxtəlif qitələri təmsil edən ölkələr də var. Bu da Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi və siyasi potensialının getdikcə genişləndiyini göstərir. Belə bir platformada Azərbaycanın təmsil olunması, şübhəsiz ki, ölkəmiz üçün mühüm imkanlar yaradır.
Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusunda yaxından əməkdaşlıq edir. Təşkilatın üzvü olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan bu ölkələrlə sıx əməkdaşlıq etməklə həm qlobal və regional əhəmiyyət daşıyan məsələlərin müzakirəsində iştirak edir, həm də həmin əlaqələr üzərindən yeni inteqrasiya layihələrinin həyata keçirilməsinə töhfə verir. Bu istiqamətdə enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrinin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu iki istiqamət bu gün Avrasiya məkanının əsas strateji arteriyalarından biri kimi çıxış edir”.
Onun sözlərinə görə, nəqliyyat-logistika layihələrinin əsasını təşkil edən Orta Dəhliz yalnız yükdaşımaların həyata keçirildiyi marşrut deyil:
“Bu dəhliz vasitəsilə yaşıl enerjinin, texnologiyaların və fiber-optik kommunikasiya xətlərinin inkişafı üçün də yeni imkanlar yaranır. Bu artıq göstərir ki, Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. Eyni zamanda bu xətt üzərindən Avrasiya üçün əhəmiyyətli olan müxtəlif məhsul və xidmətlərin, enerji və texnoloji imkanların hərəkəti təmin olunur. Bu arteriyalar Şərqlə Qərbi əlaqələndirməklə yanaşı, Şimal və Cənub arasında əlaqələrin güclənməsinə də imkan yaradır.
Azərbaycanın bu layihələrdə birbaşa iştirakı ölkənin ŞƏT məkanında etibarlı və mühüm tərəfdaş kimi mövqeyini gücləndirir. Təşkilatın üzvü olan ölkələrin, eləcə də “ŞƏT+” formatında əməkdaşlıq edən dövlətlərin bir çoxunun Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin olması bu əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Azərbaycan ŞƏT platformasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələrdən istifadə etməklə həm təşkilatın fəaliyyətinə töhfə verir, həm də ölkə üçün mühüm olan layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığı genişləndirir”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın xarici siyasət kursu nəticəsində Avrasiya məkanında regionları və dövlətləri bir-birinə bağlayan bir sıra mühüm layihələrdə ölkənin rolu getdikcə artır:
“Gələcəkdə enerji təhlükəsizliyi sahəsində Azərbaycan təbii qazının daha çox ölkəyə ixrac olunması, eləcə də Azərbaycan üzərindən tranzit enerjinin, o cümlədən təbii qazın Avropa ölkələrinə çatdırılması istiqamətində coğrafiyanın genişlənəcəyini gözləyirik. Eyni zamanda beynəlxalq yükdaşımalar üzrə infrastrukturun inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarının daha da artmasına şərait yaradacaq.
Azərbaycanın yükdaşıma potensialının artırılması ilə bağlı perspektivlər də kifayət qədər genişdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması, multimodal daşımalar üçün infrastrukturun inkişaf etdirilməsi və hava nəqliyyatının imkanlarından istifadə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarında rolunu daha da gücləndirə bilər.
Gələcəkdə Zəngəzur dəhlizinin də fəaliyyətə başlaması Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu, həm yükdaşıma qabiliyyətinin artırılmasına, həm də yüklərin daha qısa müddətdə təyinat məntəqələrinə çatdırılmasına imkan verəcək”.
A. Allahverənov hesab edir ki, ŞƏT platformasında Azərbaycanın yaratdığı əməkdaşlıq modeli qarşılıqlı faydaya əsaslanır və ölkənin milli maraqları baxımından mühüm əhəmiyyət daşıyır:
“Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi, C6 formatında əlaqələrin inkişafı və Türk Dövlətləri Təşkilatının proseslərdə fəal iştirakı Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx şəkildə birləşdirir. Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi həm ŞƏT-də, həm də Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin bu proseslərdə fəal iştirakı müxtəlif əməkdaşlıq platformalarının imkanlarının bir araya gətirilməsi baxımından əhəmiyyətlidir.
Bu isə Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasına zəmin yaradır. Yaranan yeni əməkdaşlıq mühitində Azərbaycan özünün coğrafi mövqeyi, nəqliyyat imkanları, enerji potensialı və siyasi əlaqələri ilə açar rol oynaya biləcək dövlətlərdən biridir.
Bu baxımdan gələcəkdə yeni əməkdaşlıq formatlarının yaranması və yeni iqtisadi əlaqələrin qurulması üçün Azərbaycanın imkanları kifayət qədər genişdir. Sammit çərçivəsində keçirilən görüşlər və qəbul edilən sənədlər gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bu sammit bir tərəfdən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir, digər tərəfdən isə ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır”.
Sevinc


