Avtomobil parkında orta yaşın 13 ilə yaxınlaşması ilə böyüyən təmir bazarında səlahiyyətli servis mərkəzləri və müstəqil ustaxanalar arasında rəqabət daha da kəskinləşib. Avtomobilləri “təkərli kompüter” kimi təsvir edən istehsalçılar isə sürücülərin kapotu açmasını çətinləşdirəcək addımlar atmağı planlaşdırır.
HİT.az cəbər verir ki, "Ford" CEO-su Cim Farli Beyaz Evin təşkil etdiyi “Təmir Haqqı” sammitində iştirak edərək, öz maşınını evdə təmir etməyi sevən avtomobil həvəskarlarını məyus edəcək mövqe ortaya qoyub.
Farli markanın təmir məsələlərində daha konstruktiv yanaşma tərəfdarı olduğunu desə də, bu prosesin yalnız səlahiyyətli servis mərkəzlərində və nəzarət altında həyata keçirilməli olduğunu vurğulayıb. Xüsusilə zəmanət altında olan avtomobillərə ev şəraitində müdaxilənin təhlükəli ola biləcəyini bildirib və bu mövzuda sərt sərhəd çəkib.
Farlinin fərdi təmirə qarşı çıxmasının əsas səbəbi müasir avtomobillərin getdikcə daha mürəkkəb “rəqəmsal arxitektura”ya sahib olmasıdır. O, müasir maşınların artıq təkərli kompüterlərə çevrildiyini, peşəkar avadanlıq olmadan edilən müdaxilələrin ciddi təhlükə yarada biləcəyini iddia edir. Öz təcrübəsindən danışan Farli 1973-cü il istehsalı "Ford Bronco"nu qarajda rahatlıqla təmir edə bildiyini, lakin yeni nəsil "Bronco"ya xüsusi proqram təminatı olmadan müdaxilənin riskli olduğunu bildirib.
Avtomobil istehsalçılarının təmir prosesinə nəzarəti saxlamaq istəməsinin arxasında isə milyardlarla dollarlıq servis bazarı dayanır. Son illərdə istehlakçıların yeni avtomobil almaqdansa mövcud maşınlardan daha uzun istifadə etməsi nəticəsində orta avtomobil yaşı 13 ilə çatıb. Bu da yeni satışları azaldıb, amma servis bazarını böyüdüb.
Lakin istehsalçıları daha çox narahat edən məsələ bu gəlirlərin səlahiyyətli servis mərkəzlərinə deyil, müstəqil ustaxanalara getməsidir. Rəqəmlərə görə, səlahiyyətli servis gəlirləri 12% azalıb, müstəqil servis şəbəkəsi isə sürətlə genişlənərək 300 minə yaxın nöqtəyə çatıb. "Ford" kimi şirkətlərin müştəriləri yenidən rəsmi servislərə yönəltmək üçün böyük kampaniyalar aparması da məhz bu səbəbdəndir.
İstehsalçıların bu sərt yanaşmasına qarşı qanunvericilər də hərəkətə keçib. ABŞ Konqresində müstəqil servislərə rəsmi servislərlə eyni diaqnostika məlumatları və proqram təminatı girişinin verilməsini tələb edən qanun layihələri müzakirə olunur. Bu mübarizə təkcə avtomobillərlə məhdudlaşmır: “John Deere” kimi kənd təsərrüfatı texnikası istehsalçıları da oxşar səbəblərlə fermerlərin təmir imkanlarını məhdudlaşdırmağa çalışıb və məhkəmə proseslərindən sonra geri addım atmağa məcbur olub.
Oxşar rəqəmsal kilidləmə tendensiyası smartfon və kompüter bazarında da müşahidə olunur. Şirkətlər qeyri-rəsmi təmirə mane olmağa çalışsa da, bəzi regionlarda qəbul edilən “istehlakçı hüquqları” qanunları bu məhdudiyyətləri tədricən zəiflədir.
Samir


