Medvedyev Putinin o dəhşətli planını açdı

DÜNYA
13:43 / 04.08.2022
1976

“Sovet İttifaqının bütün xalqları yenidən bir yerdə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayacaq. Bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik”...

Bu fikirlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə məxsusdur. Göründüyü kimi, o, postsovet məkanını təhdid edib. Ancaq bir qədər sonra bu həqarətlər yağdırılan yazı “yoxa çıxıb”.

“VKontakte” hesabında Medvedyev “Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq”, “Gürcüstan indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradılıb”, “Qazaxıstan süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb”, yazıb və Rusiyanın yenidən bütövləşəcəyini vəd edib: “Sovet İttifaqının bütün xalqları yenidən bir yerdə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayacaq. Bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik”... Düzdür, bir qədər sonra Medvedyevin köməkçisi Oleq Osipov vurğulayıb ki, sədr müavininin səhifəsi dağıdılıb və məlum yazı ora yerləşdirilib... Ancaq bu inandırıcı deyil. Çünki “SSRİ-nin bərpası” haqda Rusiyanın məsul şəxsləri illərdir danışır. Bir müddət öncə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko da belə bir açıqlama vermişdi ki, Rusiyadan səslənən bu cür təhdidlər təsadüfi deyil və Rusiyanın bu il əsas ideyası “Sovet İttifaqı 2"ni yaratmaqdır, rusların bundan başqa daha qlobal məqsədləri yoxdur... Vaxtilə Putin özü də SSRİ-nin dağılmasını ”XX əsrin ən böyük fəlakəti" adlandırmışdı. “Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil”.

Bu sözləri isə bir neçə ay öncə məşhur ukraynalı jurnalist Dmitri Qordon “Ukrayna 24" kanalının efirində deyib. Onun sözlərinə görə, Putin "Maksimum proqramı"nı həyata keçirmək niyyətindədir: “Bura Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan aiddir. Qırğızıstanla Ermənistanı da bu siyahıya ala bilərəm, amma Azərbaycanı qatmayacam. Azərbaycanla çətin olar, o, Türkiyənin maraq dairəsindədir. Onun çox yaxşı ordusu, güclü silahı var. Çətin olacaq...”

Görünən budur ki, Rusiyanın “SSRİ-2" planı haqda alt qatlarda danışılır və Medvedevin yazıb sildiyi bəyanatı da təsadüfi deyil, bir mesaj kimi səslənir... Rusiyanın bu planı baş tuta bilərmi? Ən azı buna doğru addımladıqları görünür.

Dini dözümlülük məfhumunu doğru anlamağımız lazımdır”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Rusiyanın gələn il daha çox fəallaşacağını qeyd etdi: “Hər bir keçmiş imperiya özünü keçmiş ehtişamında görmək istəyir. Rusiyada da belə olmasını istəyənlər var. Gürcüstan və Qazaxıstan misallarına gəldikdə isə Qazax xanlığı olan zaman o torpaqlarda ruslar yox idi. Tam əksinə, Rusiyada hansısa dairələr SSRİ arzu edirsə, buna qarşı diqqətli olmalıyıq. ”Rusiya SSRİ-ni bərpa edə bilərmi" sualına gəldikdə isə bu, dünyanın geosiyasi durumu ilə bağlıdır. Rusiya 2023-cü ildə Türkiyənin başı seçkilərə qarışanda daha da fəallaşacaq. Rusiya Ukrayna savaşı sonrası daha da güclənəcək. Bizim isə ehtimal edilən təhlükəyə qarşı bir yolumuz var. O da can Türkiyə ilə daha sıx olmaq yoludur. Türkiyə bizə yardım etdiyi kimi, ona bizim də yardım etməyimiz lazımdır. İçimizdə bəziləri xoşlamasa da, Türk İslam Ülküsü dominant fikir olmalıdır. Daim savaşçı millət-hərbi dövlət tərzində olmaq, əzələləri boşaltmamaq gərəkir. Millətimizin milli və mənəvi, əxlaqi və şüur ekspansiyasına uğramasının qarşısını almaq, ərazi təhkimli ideologiyadan BÖYÜK MILLƏT ideologiyasına keçmək lazımdır".

Siyasi analitik Asif Nərimanlı bildirdi ki, Medvedyevin yazıb sildiyi iddiaları “nəbz yoxlamaq” gedişi idi: “İndiyə qədər Rusiya rəhbərliyi SSRİ-nin bərpasına dair bu və ya digər formada fikirlər səsləndirib, lakin ilk dəfə Medvedyevin yazısında bu qədər açıq və təhdidlə plan ortaya qoyuldu. Bu baxımdan, qısamüddətli paylaşımla reaksiyanı yoxlayırlar. Bununla yanaşı, məqalədə adı qeyd olunan ölkələrə mesaj göndərilir. Avropa İttifaqına üzv olmaq istəyən Gürcüstana ”xəbərdarlıq" edilir, son dövrlər Rusiyanın maraqlarına zidd hesab etdiyi siyasi xətt izləyən Qazaxıstana “süni dövlət” iddiası üzərindən mesaj ünvanlanır. Medvedyevin yazısının taktiki gedişinin bundan ibarət olduğunu deyə bilərik, lakin Rusiyanın strateji planda hədəfinin SSRİ-ni bərpa etmək olduğu, ən azı postsovet məkanında hakim mövqeyini gücləndirmək istədiyi bəllidir. Fikrimcə, Ukrayna müharibəsinin son nəticəsi Rusiyanın SSRİ-2 layihəsinin də taleyini həll edəcək. Müharibənin ilk dövrləri ilə müqayisədə hazırda rusların siyasi masada əlinin gücləndiyini, enerji kartından Qərbə qarşı istifadə etdiyini, sanksiyaların müəyyən qədər də olsa yumşaldığını müşahidə edirik. Bu, postsovet məkanında Rusiyanın hakim mövqeyinin tanınması risklərini də özü ilə gündəmə gətirir. Medvedyevin xüsusilə Gürcüstan və Qazaxıstanın adını çəkməsi isə bu ölkələrdə təsir imkanlarının digər ölkələrlə müqayisədə daha zəif olmasından qaynaqlana bilər. Gürcüstan Cənubi Qafqazda, Qazaxıstan Mərkəzi Asiyada güc balansının rusların xeyrinə dəyişməsinə imkan verə bilər. Bunun üçün Rusiyanın müəyyən həmlələr edə biləcəyi, xüsusilə Şimali Qazaxıstan üzərindəki ssenarisini işə salacağı ehtimalı mümkündür".

Mənbə: Musavat.com

0