1960-cı ildə Yaponiyaya dostluq hədiyyəsi kimi göndərilən cəmi 18 maviqəlsəməli günəş balığı illər ərzində milyonlarla çoxalaraq ölkənin ən böyük şirin su göllərindən birində ciddi ekoloji problemə çevrilib.
HİT.az xəbər verir ki, hadisə 1960-cı ilin oktyabrında Yaponiyanın gələcək imperatoru Akihitonun Çikaqoya səfəri zamanı baş verib. Balıqlarla və ixtiologiya ilə maraqlanan şahzadə şəhərdəki Shedd akvariumunu ziyarət etmək istəyib. Çikaqonun o vaxtkı meri Riçard Deyli isə ona sürpriz etmək üçün akvariumdan 18 günəş balığı tutaraq hədiyyə edib.
Balıqların Tokiodakı imperator sarayının ətrafındakı xəndəyə buraxılması planlaşdırılıb. Lakin 18 balıqdan yalnız 15-i Yaponiyaya canlı çatdırılıb. Sonradan onların nəsli müxtəlif su hövzələrinə yayılıb. Balıqların bir hissəsi İppek və Biwa göllərinə təbii yolla keçib və ya insanlar tərəfindən oraya buraxılıb.
Günəş balığı Yaponiyanın yerli ekosisteminə tez uyğunlaşıb. Həşəratlar, plankton və bitkilərlə qidalanan bu növ daha sonra yerli balıqların kürüsünü də yeməyə başlayıb. Nəticədə xüsusilə Yaponiyanın ən qədim və ən böyük şirin su göllərindən biri olan Biwa ciddi zərər görüb.
Məlumata görə, bir vaxtlar yalnız Biwa gölündə günəş balıqlarının sayı təxminən **25 milyona** çatıb. Onların artması ənənəvi Yapon yeməyi olan funadzusinin hazırlanmasında istifadə edilən yerli karas balığının sayının kəskin azalmasına səbəb olub. Ekoloji problemləri daha da dərinləşdirən digər amil isə Yaponiyaya daha əvvəl gətirilmiş iri ağızlı bas balığı olub.
Yaponiya hökuməti 2002-ci ildə günəş balığını zərərli yad növ kimi tanıyıb. Şiqa prefekturasında balıqçılara ovlanan hər kiloqram günəş balığı üçün təxminən 3 dollar ödənilməyə başlanıb. Balığın yenidən suya buraxılmasına görə isə cərimələr tətbiq edilib. Təkcə bir il ərzində mübarizəyə 1 milyon dollardan çox vəsait xərclənib.
2005-ci ildə invaziv yad növlərlə bağlı qanun qüvvəyə minib və bu balığın icazəsiz saxlanılması, çoxaldılması, daşınması və suya buraxılması qadağan edilib. Buna baxmayaraq, növü tamamilə məhv etmək mümkün olmayıb. Biwa gölündə balıqların sayının azaldılması üçün hələ də torlardan və elektriklə ovlama üsulundan istifadə olunur.
Bu hekayənin ən maraqlı məqamlarından biri isə balıqları Yaponiyaya gətirən Akihitonun sonrakı reaksiyası olub. Artıq imperator olan Akihito 2007-ci ildə bu balıqları ölkəyə gətirdiyinə görə açıq şəkildə üzr istəyib.
Davamlı mübarizə nəticəsində Biwa gölündə günəş balığının sayı 2000-ci illərdəki pik göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Lakin balıq hələ də göldən tamamilə yox olmayıb.
Samir


