400 illik kral ailəsi sirri açıldı - 20 milyon funt sterlinqlik gəmi tapıldı

DÜNYA
13:50 / 24.08.2026
32

Şotlandiyada 1633-cü ildə batan və indiki dəyəri təxminən 20 milyon funt sterlinq olan kral ailəsinə məxsus sərvəti daşıdığı bildirilən “Blessing of Burntisland” gəmisi tapılıb. Könüllü qrupların texnologiyanın köməyi ilə 30 il ərzində apardığı axtarışlar Firth of Forth körfəzində tarixi kəşflə nəticələnib.

HİT.az xəbər verir ki, Britaniya tarixinin ən bahalı dəniz fəlakətlərindən biri 400 il sonra üzə çıxarılıb. Kral I Çarlzın tacqoyma mərasimi üçün daşınan və bugünkü dəyəri təxminən 20 milyon funt sterlinq olan kral xəzinəsi fırtınalı gündə sulara qərq olmuşdu.

Fayf bölgəsindən Leyt şəhərinə doğru hərəkət edən “Blessing of Burntisland” gəmisinin çevrilməsi nəticəsində göyərtədəki 35 nəfərdən yalnız ikisi sağ qalmışdı.

Firth of Forthun palçıqlı və dərin suları qızıl və gümüş yükü daşıyan nəhəng gəmini əsrlər boyu gözdən uzaqda saxlayıb. “Charles Wrex Project” çərçivəsində fəaliyyət göstərən Burntisland Heritage mütəxəssisləri nəhayət gəminin qalıqlarının yerini müəyyənləşdirə biliblər. Sahildən təxminən 1,5 kilometr aralıda aparılan bu kəşf könüllü qrupların 30 ilə yaxın davam edən israrlı axtarışlarının nəticəsidir.

Dənizin dibində toplanmış çöküntülərin altını araşdıran sualtı yer radarı və yeni nəsil skan cihazları gəminin gizləndiyi yeri dəqiq müəyyənləşdirməyə imkan verib. Dənizin dibindən çıxarılan taxta parçanın dəqiq yaşının isə yaxın günlərdə aparılacaq karbon analizləri ilə müəyyənləşdirilməsi gözlənilir.

Fəlakət zamanı gəminin batmasını öz gözləri ilə görən Kral I Çarlz hadisəyə görə cadugərliyi günahlandırmış və bu ittihamlar nəticəsində 19 qadını edam etdirmişdi. Lakin mütəxəssislər kralın iddiasının əksinə, qəzanın əsas səbəbinin gəminin həddindən artıq yüklənməsi olduğunu düşünürlər.

Gəmidə Kral VIII Henrinin hakimiyyəti dövrünə aid 280 hissədən ibarət gümüş və qızıl süfrə dəstinin olması bu ehtimalı gücləndirir.

Batığın rəsmi mülkiyyət hüquqları İngiltərə kral ailəsinə məxsusdur və araşdırma qrupunun xilasetmə işləri üçün lazımi icazələrə sahib olduğu bildirilir. Gəmidən çıxarılacaq tarixi artefaktların Burntislandda inşa ediləcək yeni muzeydə nümayiş etdirilməsi planlaşdırılır.

Samir

0