Polşa xarici işlər nazirinin müavini bildirib ki, Ukraynanın milli panteonuna Stepan Bandera və Roman Şuxeviç kimi şəxslərin daxil edilməsi ölkənin təkcə Polşa ilə deyil, ümumilikdə Avropa ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirə bilər.
HİT.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyində Ukraynanın Stepan Bandera və Roman Şuxeviç kimi şəxsləri Milli panteona daxil etməsi halında Avropa İttifaqına inteqrasiya prosesində “böyük problemlərlə” üzləşə biləcəyi barədə xəbərdarlıq edilib. Bu barədə Polşanın xarici işlər nazirinin müavini Marçin Bosaçki bildirib, RMF 24 yazıb.
Siyasətçinin sözlərinə görə, “hər bir xalq və onun hakimiyyəti uyğun hesab etdiyi şəxsləri qəhrəman seçmək hüququna malikdir”.
“Lakin Ukraynanın Milli panteonunda mülki əhaliyə qarşı kütləvi cinayətlərə görə məsuliyyət daşıyan Bandera və ya Şuxeviç kimi şəxslər həqiqətən yer alsa, bu, Ukraynanın təkcə Polşa ilə deyil, ümumilikdə Avropa ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirərdi”, deyə Bosaçki xəbərdarlıq edib.
O, həmçinin Ukrayna Millətçiləri Təşkilatının (OUN) ilk rəhbəri Yevhen Konovaletsin yenidən dəfn mərasimində – onun sözlərinə görə, “daha az mübahisəli şəxs” – Avropa İttifaqı ölkələrinin diplomatik nümayəndələrinin demək olar ki, iştirak etmədiyini diqqətə çatdırıb.
“Ukrayna bilir ki, təkcə polyakları deyil, həm də bəzi ukraynalıları, çexləri, yəhudiləri və romları öldürən şəxslərin, yəni UPA-nın 1943-1944-cü illərdəki ən ağır dövrünün yaradıcılarının bayraqları ilə Ukraynanın Avropaya inteqrasiyası məsələsində böyük problemi olacaq”, deyə Bosaçki qeyd edib.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da daha əvvəl bildirib ki, Ukraynanın bayraqlarında UPA və OUN simvollarının olması onun Avropa İttifaqına üzvlüyü ilə bağlı ciddi problem yarada bilər.
Polşa prezidenti Karol Navrotski isə UPA və OUN-un simvolu hesab etdiyi qırmızı-qara bayrağın Polşada istifadəsinin rəsmi şəkildə qadağan edilməsinə çalışacağını açıqlayıb.
Samir


