Ukraynanın müdafiə xərclərinin maliyyələşdirilməsində 23 milyard avro həcmində kəsir yaranıb.
HİT.az xəbər verir ki, “Politico”nun yazdığına görə, buna Qərb tərəfdaşlarından maliyyə dəstəyinin gecikməsi səbəb olub.
Bu vəsait yalnız silah və hava hücumundan müdafiə sistemlərinin alınması üçün deyil, həmçinin hərbçilərin maaşlarının ödənilməsi, həlak olan hərbçilərin ailələrinə dəstək və 2027-ci ilin əvvəli üçün zəruri təchizatın təmin edilməsi məqsədilə tələb olunur.
Maliyyə çatışmazlığı Ukraynanın ilin ikinci yarısı üçün nəzərdə tutulan vəsaiti vaxtından əvvəl xərcləməsindən sonra yaranıb. Buna səbəblərdən biri ilin əvvəlində Macarıstanın etirazı fonunda Avropa İttifaqının 90 milyard avroluq kreditinin təqdim edilməsinin gecikməsi olub.
Vəsaitin bir hissəsi optik liflə idarə olunan dronların, orta mənzilli zərbə dronlarının və havadan müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tutulan ələ keçirici dronların alınmasına xərclənib.
Bu maliyyə kəsiri Avropanın artıq bu il Ukraynaya 90 milyard avroluq kredit çərçivəsində ayırmağı vəd etdiyi 30 milyard avroya əlavə olunur.
Avropa Komissiyası bazar ertəsi Kiyevin müraciətinin bir hissəsini təmin edərək Ukrayna üçün 6,1 milyard avro dəyərində yeni müdafiə satınalmalarını təsdiqləyib.
Aİ-nin 90 milyard avroluq kredit paketinin son tranşlarından biri olan bu vəsait hava hücumundan müdafiə raketləri və döyüş sursatlarının, eləcə də radar stansiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Bunlar Kiyevin ən təcili ehtiyacları arasında göstərilir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkəyə gələn ilin “normal başlanğıcını” təmin etmək üçün 6,8-8,5 milyard avro lazımdır.
Bu vəsait 2027-ci ilin yanvarında silah və digər təchizatların ödənişini əvvəlcədən həyata keçirmək üçün tələb olunur.
Bundan əlavə, hərbçilərin maaşlarının ödənilməsi, həlak olan əsgərlərin ailələrinə yardımlar və digər xərclər üçün təxminən 17 milyard avro lazımdır.
Samir


