KİV: Putin Ukraynanın müstəqilliyini qəbul etməyənədək müharibə bitməyəcək

DÜNYA
17:17 / 26.08.2026
42

Ukraynada müharibənin başa çatması üçün əsas şərt Rusiyanın Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etməsidir. 

HİT.az xəbər verir ki, "Atlantic Council"in analitikləri hesab edirlər ki, Vladimir Putin Kiyevlə bağlı imperiya ambisiyalarından əl çəkməyənədək sülh danışıqlarının nəticə verməsi çətin olacaq.

"Atlantic Council"in Ukraynanın Müstəqillik Günü ilə bağlı yayımladığı təhlildə Rusiyanın Ukraynaya qarşı siyasətinin uzunmüddətli imperiya yanaşması ilə əlaqəli olduğu bildirilir.

Analitiklərin fikrincə, Putin Sovet İttifaqının dağılmasını tarixi ədalətsizlik kimi qiymətləndirir və Rusiya imperiyasının əvvəlki nüfuzunu bərpa etməyə çalışır. Bu baxımdan Ukraynanın müstəqilliyi Kreml üçün əsas geosiyasi məsələlərdən biri olaraq qalır.

Məqalədə qeyd olunur ki, Rusiya əvvəlcə Ukraynada siyasi və sosial proseslərə daxildən təsir göstərməyə çalışıb. Bu cəhdlərin uğursuzluğundan sonra 2014-cü ildə Ukrayna ərazilərinin işğalına başlanılıb, 2022-ci ildə isə genişmiqyaslı müharibə başlayıb.

Atlantic Council hesab edir ki, işğal olunmuş ərazilərdə Ukrayna dili, mədəniyyəti, tarixi və milli kimliyinə qarşı həyata keçirilən siyasət Rusiyanın Ukrayna dövlətçiliyinə münasibətini göstərir.

Analitiklərin fikrincə, bu reallıq müharibənin sadəcə qarşılıqlı güzəştlər əsasında aparılan sülh sazişi ilə başa çatdırılmasının mümkünlüyü barədə suallar yaradır. Onlar hesab edirlər ki, Rusiyanın məqsədləri ilə Ukraynanın dövlət kimi yaşamaq istəyi arasında ciddi ziddiyyət mövcuddur.

Məqalədə Qərb ölkələrinin Rusiyanı təhrik etməmək məqsədilə Ukraynaya dəstəyi balanslaşdırmağa çalışması da tənqid olunur. Atlantic Council bunun strateji səhv olduğunu və uzunmüddətli perspektivdə yalnız Ukraynaya deyil, Avropanın təhlükəsizliyinə də risk yaratdığını bildirir.

Təhlildə vurğulanır ki, Ukraynanın müstəqilliyi ilə bağlı “geri dönməz reallıq” Rusiya tərəfindən qəbul edilməlidir. Müəlliflərin qənaətinə görə, Putin bu reallığı qəbul etməyə məcbur edilməyənədək müharibənin tam və davamlı şəkildə sona çatması mümkün görünmür.

Samir

0