Okeanın ən qeyri-adi canlılarından biri olan nəhəng Sakit okean səkkizayaqlısı həm ölçüsü, həm də yüksək zəkası ilə diqqət çəkir. Bu canlı səkkiz qolu üzərində yerləşən əlavə beyinləri sayəsində eyni anda bir neçə işi görə bilir.
HİT.az BBC-yə istinadən xəbər verir ki, məhəng səkkizayaqlıların orta uzunluğu təxminən 4 metrdir. Ən böyük nümunələrin isə 10 metrə yaxın olduğu barədə məlumatlar var. Qırmızımtıl-qəhvəyi rəngə sahib bu canlıların yumşaq və sümüksüz bədəni, səkkiz qolu və minlərlə sormacları var. Həmin sormaclarda yerləşən kimyəvi reseptorlar onlara toxunduqları obyektləri bir növ “dadmağa” imkan verir.
Bu canlıların ən təəccüblü xüsusiyyətlərindən biri isə doqquz beyinə sahib olmalarıdır. Bir əsas beyinlə yanaşı, hər qolunda ayrıca kiçik beyin yerləşir. Bu quruluş sayəsində qollar bir-birindən müəyyən qədər müstəqil hərəkət edə bilir.
Nəhəng səkkizayaqlılar həm də ən ağıllı onurğasızlardan hesab olunur. Onlar bankaları aça, müxtəlif tapmacaları həll edə, labirintlərdən keçə, kiçik dəliklərdən sıza və insanları bir-birindən ayıra bilirlər.
Nəhəng səkkizayaqlılar əsasən balıq, krevet, xərçəng, omar və digər dəniz canlıları ilə qidalanır. Lakin bəzi hallarda kiçik köpəkbalıqlarını və digər səkkizayaqlıları da ovlaya bilirlər.
Ov zamanı əsas üstünlüklərindən biri kamuflyajdır. Onlar dərilərinin rəngini və teksturasını saniyənin çox kiçik bir hissəsində dəyişərək ətraf mühitə uyğunlaşa bilirlər.
Adətən gecələr ov edən bu canlılar ovlarına gizlicə yaxınlaşır, qəfil hücum edərək onu qolları və güclü sormacları ilə tutur. Səkkizayaqlının tüpürcəyində olan toksin isə ovun hərəkətsizləşdirilməsinə kömək edir. Daha sonra ovunu yuvasına apararaq yeyir.
Nəhəng səkkizayaqlıların zəhərli olması onların insan üçün ciddi təhlükə yaratdığı anlamına gəlmir. Bu canlılar adətən insanlara qarşı aqressiv davranmır və yalnız təhrik edildikdə təhlükəli ola bilirlər.
Onların zəhəri, bir qayda olaraq, insan üçün ölümcül hesab edilmir. Buna baxmayaraq, belə bir canlı tərəfindən dişlənmə halında dərhal tibbi yardım almaq tövsiyə olunur.
Okeanın bu nəhəng sakini həm ölçüsü, həm doqquz beyinli quruluşu, həm də mürəkkəb ov strategiyaları ilə heyvanlar aləmində ən maraqlı canlılardan biri olaraq qalır.
Samir


