Avropada bəzi hava limanı qovşaqları yerləşdikləri şəhərlərdən onlarla kilometr uzaqda olmasına baxmayaraq, böyük şəhərlərin adlarını daşıyır. Bu isə turistlərin əslində şəhərə çatdıqlarını düşündükləri halda, uzun və bahalı yol qət etməsinə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
"Frankfurt-Han" hava limanı
Hər il milyonlarla turist möhtəşəm memarlığı, mədəniyyəti və tarixi ilə tanış olmaq üçün Frankfurta üz tutur. Lakin adına baxmayaraq, "Frankfurt-Han" hava limanı bu məşhur şəhərdən kifayət qədər uzaqda yerləşir.
Hava limanı avtomobillə Frankfurtdan təxminən 124 km məsafədə, yəni təxminən 1 saat 30 dəqiqəlik yolda yerləşir. Onun ünvanı Lautzenhauzen şəhəridir.
Frankfurtun turizm mərkəzinə ən yaxın hava limanı isə şəhər daxilində yerləşən Frankfurt Beynəlxalq Hava Limanıdır. Oradan şəhər mərkəzinə avtomobillə təxminən 20 dəqiqəyə çatmaq mümkündür.
"Oslo-Torp" hava limanı
"Torp-Sandefyord" hava limanı avtomobil yolu ilə Oslodan təxminən 120 km məsafədə yerləşir. Buraya "Ryanair" və "Scandinavian Airlines" kimi aviaşirkətlər uçuşlar həyata keçirir. Böyük Britaniyadan ən sürətli reyslərin müddəti 1 saat 55 dəqiqədir.
Lakin hava limanından Norveçin paytaxtına getmək o qədər də asan deyil. Qatarla səfər təxminən 1 saat 30 dəqiqə, avtomobillə isə təxminən 1 saat 20 dəqiqə çəkir.
Çaşqınlıq yaşamamaq üçün Oslo Qardermoen hava limanına uçuş bron etmək məsləhətdir. Londondan bu hava limanına səyahət təxminən 2 saat 5 dəqiqə davam edir.
"Stokholm-Vesteros" hava limanı
İsveçin paytaxtı Stokholm hər il çoxsaylı turist cəlb edir. Lakin bu şəhərə uçuş axtaran ziyarətçilər "saxta" hava limanına diqqət yetirməlidirlər.
"Stokholm-Vesteros" hava limanı Stokholmdan 100 km məsafədə yerləşir və şəhərə avtomobillə getmək bir saatdan çox vaxt aparır. Şəhərə daha yaxın hava limanı axtaran turistlər "Stokholm-Arlanda" hava limanından istifadə etməlidirlər", - "Daily Mail" yazır.
"Barselona-Reus" hava limanı
Bu hava limanı Barselonadan 100 km məsafədə yerləşir. Buna görə də şəhərə getmək istəyən turistlərə "Barselona-El-Prat" hava limanına bilet bron etmək tövsiyə olunur. Bu hava limanından şəhər mərkəzinə avtomobillə cəmi 20 dəqiqəyə çatmaq mümkündür.
"Paris-Bove" hava limanı
Adına baxmayaraq, "Paris-Bove" hava limanı sevgi şəhərindən 85 km məsafədə yerləşir.
Hava limanına endikdən sonra Parisin mərkəzinə avtomobillə təxminən 1 saat 30 dəqiqəyə, ictimai nəqliyyatla isə 1 saat 15 dəqiqəyə çatmaq mümkündür.
Belə vəziyyətlə qarşılaşmamaq üçün Paris-Orli hava limanına bilet bron etmək məsləhətdir. Bu hava limanı şəhər mərkəzinə daha yaxındır. Bununla belə, uçuş cədvəllərində dəyişikliklərə səbəb olan səbəblərdən biri kimi onun uçuş-enmə zolaqlarından birinin 2026-cı ilin sonunadək yenidən qurulması göstərilir.
"Düsseldorf-Veze" hava limanı
Hər il milyonlarla turist köhnə şəhəri və müxtəlif memarlıq nümunələri ilə tanış olmaq üçün Düsseldorfa səfər edir. Lakin ekspertlər uzaqda yerləşən hava limanına, məsələn, "Düsseldorf-Veze" hava limanına bilet bron etməməyə çağırırlar.
Bu hava limanının rəsmi adı "Veze"dir. O, tez-tez "Düsseldorf-Veze" adlandırılsa da, şəhərdən 80 km məsafədə yerləşir.
Daha yaxın hava limanına üstünlük vermək istəyən turistlər Düsseldorf Beynəlxalq Hava Limanına bilet bron edə bilərlər. Bu hava limanı şəhər mərkəzindən avtomobillə cəmi 15 dəqiqəlik məsafədədir.
Samir


