Belçika Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsinə qəti şəkildə qarşı çıxır.
HİT.az xəbər verir ki, Brüssel bu mövqeyini Avropa İttifaqında belə bir mexanizmin müzakirəsinin yenidən başlanmasına çağıran dörd ölkəyə cavabında təkrarlayıb.
“Bu, müzakirə mövzusu deyil, qapılar bağlıdır”, deyə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
Bu həftə İsveç, Polşa, Niderland və İspaniya Avropa Komissiyasını Ukraynanı dəstəkləmək üçün təxminən 200 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərinin cəlb edilməsinin yeni yollarını araşdırmağa çağırıblar.
Ötən ilin dekabrında keçirilən Avropa sammitində Belçikanın baş naziri Bart De Vever Almaniya və Avropa Komissiyasının Ukraynaya 210 milyard avro həcmində “reparasiya krediti” verilməsi təşəbbüsünün qarşısını alıb. O, bu addımın Rusiya tərəfindən Belçikaya qarşı hüquqi sanksiyalar tətbiq edilməsinə səbəb ola biləcəyini əsas gətirib. Dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi Belçikadakı “Euroclear” şirkətində saxlanılır.
Frankenin sərt mövqeyi Belçikanın xarici işlər naziri Maksim Prevonun bu ayın əvvəlində sözügedən mexanizm barədə açıqlamalarından müəyyən qədər fərqlənir. Prevo dondurulmuş aktivlərdən istifadəyə imkan verə biləcək mövqe nümayiş etdirib, lakin bütün hüquqi məsuliyyətin Avropa İttifaqı ölkələri arasında ədalətli şəkildə bölüşdürülməsini şərt kimi irəli sürüb.
Qeyd olunur ki, Avropa Komissiyasına göndərilən məktubda ölkələr Rusiya aktivlərindən istifadə ilə bağlı hüquqi riskləri qəbul edib və heç bir ölkənin qeyri-mütənasib yük daşımamalı olduğunu bildiriblər.
Avropa ölkələrinin xarici işlər nazirləri məsələni gələn həftə İrlandiyada keçiriləcək görüşdə müzakirə edəcəklər.
Samir


