Putinin paranoyası Rusiyanı iflic etməyə başlayıb - "Foreign Affairs"

DÜNYA
17:40 / 31.08.2026
31

Ukraynada müharibənin başa çatması perspektivinin olmaması fonunda Kreml Rusiya əhalisi üzərində nəzarəti gücləndirir. 

HİT.az xəbər verir ki, bu barədə “Foreign Affairs” yazır.

Nəşrin qeyd etdiyi kimi, Rusiyada tammiqyaslı işğalın başlanmasından etibarən əhali üçün məhdudiyyətlər mütəmadi olaraq sərtləşdirilir. Lakin daha az nəzərə çarpan, eyni zamanda heç də az əhəmiyyətli olmayan dəyişiklik ölkənin daxili təhlükəsizlik doktrinasında baş verib.

Müharibə fonunda Kreml ehtimal olunan müxalifət nümayəndələrini və adi rusiyalıları nəzarətdə saxlamaq üçün daha aqressiv strategiyaya ehtiyac duyur. Son onilliklərdə əsas diqqətini terrorizmlə mübarizəyə yönəldən Federal Təhlükəsizlik Xidməti (FTX) indi casusların axtarışına da ciddi şəkildə fokuslanıb. Bu isə ümumi paranoya mühitinin yaranmasına səbəb olur.

“Casus ovu və paranoya üzərində qurulan idarəetmənin ciddi nəticələri var. Dövlət qurumları və özəl müəssisələr FTX-nin repressiyalarından qorxduqları üçün dəqiq məlumatları gizlətməyə, qərar qəbul etməkdən yayınmağa və ümumilikdə sağ qalma rejiminə keçməyə başlayıblar. Adi rusiyalılar və dövlət qulluqçuları arasında sosial nəzarətin və dövlətə xəyanət ittihamları üzrə təqiblərin yayılması hər yerdə etimadsızlıq mühiti yaradıb və iflic vəziyyəti hissini gücləndirib”, – nəşr vurğulayır.

Jurnalistlər əlavə edirlər ki, Rusiyada dövlət siyasətini dəstəkləməyən, xüsusilə Qərblə kəskin qarşıdurmaya qarşı çıxan insanlar tez-tez “casuslarla mübarizə” adı altında həbs edilirlər.

Nəşrin məlumatına görə, tammiqyaslı işğaldan əvvəl Rusiyada hər il dövlətə xəyanətlə bağlı 10-15 cinayət işi açılırdısa, 2024-cü ildə bu rəqəm 361-ə çatıb. 2026-cı ilin ilk rübündə isə artıq 143 belə iş başlanıb.

“Foreign Affairs” qeyd edir ki, bu yanaşma Kremlə siyasi nəzarəti gücləndirməyə imkan versə də, eyni zamanda dövlətin idarə olunması qabiliyyətini zəiflədir. İstənilən ehtimal olunan siyasi təhlükənin dövlətə xəyanət aktı kimi qiymətləndirilməsi nəticəsində dövlət hüquqi normalara deyil, FTX-nin “məxfi qiymətləndirmələrinə” əsaslanmağa başlayır.

Bunun fonunda Rusiya elitaları ölkə rəhbərliyindən Kremlin xoşuna gəlməyəcək məlumatların getdikcə daha böyük hissəsini gizlədir. Nəticədə məmurlar problemlər böhranlı vəziyyətə çevrilənə qədər onlar barədə rəhbərliyə məlumat vermirlər.

“Bu gün Kreml üçün elitaların iflic olması riski realdır. Bu risk artıq yalnız tədqiqat və ekspert dairələrinə deyil, həm də Moskvada və regionlarda yüksək vəzifəli məmurlara və sənaye rəhbərlərinə yayılır. İstənilən sabit hökumətin, hətta ən avtoritar hökumətin belə hakimiyyətdə qalmaq üçün ehtiyac duyduğu geribildirim mexanizmini məhv etməklə Putin rejimi Rusiyanın real vəziyyətini anlamaq qabiliyyətini zəiflədir. Uzunmüddətli perspektivdə isə bu, Putini həqiqi siyasi böhrana qarşı daha həssas vəziyyətə sala bilər”, – nəşr yekunlaşdırır.

Samir
 

0