Aİ Ukrayna üçün vaxtı keçmək üzrə olan HHM raketlərini axtarır

DÜNYA
11:44 / 01.09.2026
44

Avropa İttifaqı Ukraynaya vermək üçün istifadə müddəti başa çatmaq üzrə olan hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketləri intensiv şəkildə axtarır. 

HİT.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyada “Druidlər vadisi” kurortunda keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib. 

Kallas qeyd edib ki, Ukraynanın əsas problemlərindən biri HHM sistemləri üçün raketlərin çatışmazlığıdır.

“Biz bilirik ki, bəzi Avropa İttifaqı ölkələrində belə raketlər hələ də var və onların saxlama müddəti tezliklə başa çatacaq. Buna görə də həmin ölkələrin bu raketləri Ukraynaya verməsi çox yaxşı olardı”, deyə Kallas bildirib.

Avqustun 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yaxın zamanda Rusiya ballistik raketlərini məhv etmək qabiliyyətinə malik Amerikanın “Patriot” zenit-raket kompleksləri üçün az sayda raket aldığını açıqlayıb.

Bundan əvvəl CNN telekanalı Ukraynanın “Patriot” sistemləri üçün ələkeçirici raketlərinin demək olar ki, tükəndiyini və Ukrayna Silahlı Qüvvələrinin bu komplekslərdən Rusiyanın ballistik raketlərinə qarşı istifadə edə bilmədiyini bildirmişdi.

Zelenski daha sonra Ukraynanın qarşıdakı qışı keçirmək üçün “Patriot” sistemləri üçün ələkeçirici raketlərə ehtiyacı olduğunu etiraf edib.

Samir

0