Putin Retkliffin səfərinin məqsədini öyrəndikdən sonra onunla görüşməkdən imtina edib - KİV

DÜNYA
14:40 / 01.09.2026
47

Rusiya prezidenti Vladimir Putin əvvəlcə avqustun 25-də Moskvaya səfəri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə şəxsən görüşməyə hazır olub. Kreml rəhbəri mümkün danışıqlar üçün qrafikini də boşaldıb. Lakin Amerika rəsmisinin gətirdiyi mesajın məzmunu barədə Putinə məlumat verildikdən sonra görüş ləğv edilib. 

HİT.az xəbər verir ki, bu barədə “Agentstvo” Kremlə yaxın mənbəyə istinadən yazıb.

Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, Retkliff Moskvaya Rusiya rəhbərliyini müharibənin başa çatdırılması ilə bağlı mümkün qədər tez razılaşmağa çağırmaq niyyəti ilə gəlib. MKİ direktoru hesab edib ki, Rusiyanın hərbi və iqtisadi vəziyyəti pisləşir və Moskvanın sonrakı zəifləməsini gözləməkdənsə, hazırda razılaşma əldə etməsi daha sərfəlidir.

Nəşr xatırladıb ki, Retkliff səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla görüşüb. Mənbənin sözlərinə görə, bu görüşlərdən birindən sonra söhbətin məzmunu Putinə çatdırılıb və bundan sonra o, MKİ direktoru ilə şəxsi görüşdən imtina edib.

“Onun mesajı belə görünürdü ki, guya Zelenski artıq Poklonnaya təpəsində dayanıb və durbinlə Kremli nəzərdən keçirir. Hamıya aydındır ki, bu, belə deyil”, deyə “Agentstvo”nun həmsöhbəti bildirib.

Kremlin bu mesaja reaksiyasını təsvir edən mənbə deyib: “Görünür, Retkliff səhv ünvana müraciət edib”.

Mənbə Retkliffin mövqeyinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının ümumi mövqeyini nə dərəcədə əks etdirdiyindən xəbərdar olmadığını bildirib.

Samir
 

0