Zaman-zaman bəzi məktəblərdə müəllimlərin şagirdlərə bilərəkdən yüksək qiymət yazmayaraq, onlara repititorluq etmək istədiyi halları ilə qarşılaşırıq.
Bu isə haqlı olaraq valideynlərin kəskin narazılığına səbəb olur. Onların bu addımı şagirdlər tərəfindən də qıcıqla qarşılanır.
Bəs belə halların tamamilə önünə keçmək üçün müəllimlərin repititorluq fəaliyyəti qadağan oluna bilər?
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, hazırki təhsil sistemində müəllimlərin şagirdlərə aşağı qiymət yazmaqla təhdid etməsi və bununla məşğələyə cəlb etməsi halları minimuma endirilib:
"Çünki şagirdlər ən azından 3 fəndən buraxılış imtahanlarının balına uyğun olaraq qiymətləndirilir. Yəni müəllim onlara bu fənlərdən "2" yazsa belə, şagird buraxılış imtahanından müvafiq bal toplayaraq daha yüksək qiymət ala bilər. Digər tərəfdən, şagirdlərin "2" alması məktəbin və müəllimin də qiymətləndirilməsinə mənfi təsir edir. Buna görə nə direktor, nə də müəllim şagirdin "2" ilə qiymətləndirilməsində maraqlı deyil. Yəni şagirdə qiymətə görə atestat verilməməsi çox az hallarda olur".
Ekspert onu da qeyd edib ki, şagirdlərin qiymətə görə repititora müraciət etməsi faktları danılmazdır:
"Lakin bu səbəbi ilk yox ən son səbəblər arasında götürə bilərik. Repititor fəaliyyətinin qadağan edilməsinə gəldikdə isə bu fəaliyyət müəllimin məktəbdənkənar fəaliyyətinə aid olduğu üçün qadağan edilə bilməz.
Bunun üçün qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir ki, bu da əslində hüquqi çərçivədə mümkün deyil. Repititorluğu aradan qaldırmaq üçün ilk növbədə məktəbdə keyfiyyətli tədris mexanizmi yaratmaq lazımdır. Bu mexanizm düzgün işləyərsə repititorluq da öz əhəmiyyətini itirəcək".
Pərviz