Amerikalı müğənni və aktrisa Selena Qomez uşaq seriallarında rol alaraq qurduğu şöhrətinin "qiymətini" keçmişdə yaşadığı psixoloji problemlərlə ödədiyi halda, bu dəfə pərəstişkarlarının həddindən artıq "sevgisi" ilə mübarizə aparır...
HİT.az xəbər verir ki, "Instagramd"a Kim Kardaşyan və Beyons kimi ulduzları geridə qoyaraq 415 milyon izləyicisi ilə platformada "ən çox izlənən qadın" olan Qomezin pərəstişkarlarının təhlükəli ola biləcəyi ilk dəfə 2010-2018-ci illərdə sevgili olduğu kanadalı müğənni Castin Biberdən ayrıldıqdan sonra görülüb. Biber müğənnidən ayrılaraq 2018-ci ildə model Hayli Baldvin ilə evləndikdən sonra Qomezin pərəstişkarları 2018-ci ildən sosial mediada həm Biberə, həm də həyat yoldaşına qəzəbli şərhlər yazırlar. Həmçinin, bir vaxtlar Qomezin ən yaxşı dostu olan Fransia Raisa bu həftə ölümlə hədələndiyini açıqlayıb. Raisa, Lupus xəstəliyindən müalicə olunan Qomezə bir böyrəyini bağışlayacaq qədər yaxın ikən münasibətlərinin pozulmasından sonra müğənninin bir pərəstişkarının sosial şəbəkədə ona "Ümid edirəm ki, qalan bir böyrəyini də kimsə parçalayar" yazdığını deyib.
Selena Qomez 1992-ci ildə Meksikadan ABŞ-a mühacirət edən Rikardo Qomez və 16 yaşında ana olmuş Mendi Tifinin övladı olaraq Texasda dünyaya gəlib və maliyyə problemləri içində böyüyüb. Qomez 2002-ci ildə "Barni və Dostları" adlı uşaq serialında rol alması ilə məşhurlaşıb. 9 yaşından işləyən, ailəsinin “maddi gəlir mənbəyi” olan müğənni müsahibələrinin birində həmyaşıdları məktəbə gedərkən özünün kompüterdə təhsil aldığını deyib.
"Uşaqlığını yaşaya bilmədiyini" dilə gətirən Qomez, pul qazanmanın gətirdiyi məsuliyyətlə 2009-2020-ci illər arasında "The Scene" adlı qrupu ilə 3 rəqs-pop albomu və bir çox mükafat qazandığı 3 solo albom yazdırıb. 16 "Ginnesin Rekordlar Kitabı" da daxil olmaqla bir çox rekord və mükafata sahib olan Qomez 2020-ci ildə bazara çıxan makiyaj brendi "Rare Beauty" ilə biznesə başlayıb. Brend yüksək rəqabətli kosmetika sənayesində ilk ilində 60 milyon dollar qazanıb. Hazırda Qomezin 100 milyon dollarlıq şəxsi sərvətinin olduğu bildirilir.
Selena Qomezin xeyriyyə işlərinə də dəstək verdiyi bilinir. 2009-cu ildə 17 yaşında UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) ən gənc səfiri olan Qomez o vaxtdan bəri bütün dünyada sosial məsuliyyət layihələri üçün milyonlarla dollar toplayıb. Bir çoxları müğənninin getdikcə bölünən dünyada insanları birləşdirmək kimi nadir qabiliyyətə malik olduğunu düşünür və bu xüsusiyyətinin ona minlərlə pərəstişkar qazandırdığı bildirilir.
Selena Qomez 2016-cı ildə konsert turu zamanı "emosional pozğunluq" keçirməsi səbəbilə psixiatrik xəstəxanada müalicə almağa başlayıb. Buna görə də 55 konsertdən sonra dünya turu ləğv edilmişdi. Bunun ardınca üç illik qarışıqlıq yaşanmışdı. Psixi sağlamlıq problemləri ilə bağlı hər zaman açıq danışan Qomez 2018-ci ildə iki dəfə reabilitasiyaya getdiyini etiraf etmişdi. 2018-ci ildə verdiyi açıqlamada "Depressiya 5 il ərzində mənim həyatım oldu. Həyatımda etdiyim hər şeyin başlanğıcı depressiya və narahatlıq idi", demişdi.
Müğənni 2020-ci ildə bipolyar pozuntu diaqnozundan da danışıb və maarifləndirmə üçün bir çox layihələrdə iştirak edib.
Samir