Bürclərə marağın psixoloji TƏSİRLƏRİ

MARAQLI
12:14 / 13.01.2025
54

"Əslində, insanların bürclərə bu qədər maraq göstərməsi onların psixoloji ehtiyacları ilə birbaşa bağlıdır". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər bir insan gələcəyini bilmək, qarşıda nə gözlədiyini öyrənmək istəyir:

"Çünki qeyri-müəyyənlik insanı narahat edir. Bürclər isə insana sanki bir istiqamət verir, gələcəkdə nələr baş verəcəyini "təxmin" edərək rahatlıq yaradır. Məsələn, bürcündə yazılır ki, “bu ay karyeranda yüksələcəksən”. İnsan da buna inanır və motivasiyası artır. 

Digər tərəfdən, insanlar münasibətlərində uyğunluq axtarırlar. Kiminsə bürcü ilə öz bürcünü tutuşdurub “biz uyğun gəlirik?” sualını verməsi təəccüblü deyil. İnsanlar qarşı tərəfin necə biri olduğunu tez başa düşmək üçün bürclərdən istifadə edirlər".

365831

Mütəxəssis qeyd edib ki, psixologiya insanın şəxsiyyətini formalaşdıran faktorları - genetika, mühit, tərbiyə, təcrübələr, eləcə də sosial münasibətlər kimi geniş və kompleks amillərlə izah edir:

"Lakin bürclər bütün bu amilləri nəzərə almadan, sadəcə doğum tarixinə görə insanları müəyyən qəliblərə salır. Məsələn, eyni gündə doğulan iki insan tamamilə fərqli şəraitdə böyüyə bilər. Bu isə onların xarakterlərini və davranışlarını fərqli edər. Yəni psixologiya üçün insanın inkişafı çoxşaxəlidir, amma bürclər bu fərqliliyi nəzərə almır".

Ülviyyə İlqarın sözlərinə görə, insanların bürclərə inanmasının səbəbi isə psixoloji ehtiyaclardan qaynaqlanır:

"İnsanlar qeyri-müəyyənlikdən qaçmaq, özlərini və başqalarını daha yaxşı anlamaq istəyirlər. Bürclər isə buna sadə və cazibədar bir cavab kimi görünür. Ancaq bu inancın elmi əsasları yoxdur və psixologiya bu tip inancları təsdiq etmir. Bürclər daha çox mədəni və sosial bir fenomendir, psixologiya isə obyektiv və elmi yanaşmanı əsas tutur. Ona görə də bürclərlə psixologiya arasında bir əlaqə yoxdur".

Pərviz

0