"Hazırda telekanallarımızda yayımlanan proqramların əksəriyyəti tamaşaçılara mənfi təsir edir".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi proqramlarda qonaqların həyatı müzakirə predmetinə çevrilir:
"Efirlərimizdə əxlaqi normalardan kənara çıxılmamalıdır. Bəzi aparıcılar efirə dəvət etdiyi məşhurların və ya digər qonaqların şəxsi həyatını müzakirəyə çıxarırlar. Bu, yolverilməzdir.
Efirdə kiminsə həyatı qınaq obyektinə çevrilməməlidir. Çünki kiminsə həyatını necə və nə cür yaşamasının heç kimə aidiyyəti yoxdur. İnsanın yaşadığı həyat tərzi başqalarına neqativ şəkildə təsir etmirsə, onun necə yaşamasının başqalarına maraqlı olmamalıdır".
Ekspert qeyd edib ki, bu tip hallar yığışdırılmalıdır:
"Verilişlərdə qonağın şəxsi həyatına müdaxilə edəcək dərəcədə artıq suallar verilməməlidir. Əfsuslar olsun ki, bəzi aparıcılar belə suallar verərək qonaqları qınaq obyektinə çevirirlər. Konkret olaraq, insanlarda belə qıcıq yaradan verilişlər efirlərdən gücümüz yetən qədər uzaq olmalıdır".
Nabat Mirzəyeva telekanallarımızda hansı proqramların yayımlanmasının yaxşı olacağı barədə də danışıb:
"Əsasən uşaqlarımıza və gənclərimizə neqativ təsir göstərəcək, onların tərbiyəsini pozacaq proqramlar yayımlanmamalıdır. Tamaşaçıların düşüncələrinə müsbət təsir edəcək, onlarda maraq doğuracaq layihələr nümayiş olunmalıdır.
Düşünürəm ki, Azərbaycanın və ya xarici ölkələrin tarixi abidələri haqqında verilişlər göstərilməsi, habelə istedadı olan gənclərin önə çəkilməsi yaxşı olardı".
Pərviz