Bəzi valideyn ifadələri ilk baxışdan qayğı və qoruma cəhdi kimi səslənsə də, müəyyən hallarda uşağın davranışına nəzarət etmək, onu günahkar hiss etdirmək və öz qərarlarına inamını azaltmaq vasitəsinə çevrilə bilər.
Hit.az xəbər verir ki, bu barədə “Parade” yazıb.
Məqalədə narsistik xüsusiyyətlərə malik valideynlərin uşaqlarına tez-tez deyə biləcəyi 11 ifadə sadalanıb:
* “Sənin üçün nəyin ən yaxşı olduğunu mən bilirəm” – uşağın böyüdükcə müstəqil qərarlar verməsinə mane olmaq üçün istifadə edilə bilər.
* “Sən həddindən artıq emosionalsan” – uşağın hisslərinin və reaksiyalarının kiçildilməsinə səbəb ola bilər.
* “Bütün etdiklərimdən sonra mənə belə cavab verirsən?” – uşağın öz fikrini bildirməsinə görə onda günahkarlıq hissi yarada bilər.
* “Mən olmasaydım, uğursuz olardın” – uşağın nailiyyətlərini kölgədə qoyaraq onu valideyndən asılı hiss etdirə bilər.
* “Sən də eynisən” – uşağın başqaları ilə davamlı müqayisə edilməsi özünəinamına mənfi təsir göstərə bilər.
* “Sənə sərt davranıram, çünki səni sevirəm” – davamlı tənqidi və nəzarəti sevgi ilə əsaslandırmaq üçün işlədilə bilər.
* “Məni rədd etdiyinə görə peşman olacaqsan” – xüsusilə yetkin övlad valideynlə münasibətlərdə məsafə yaratmaq istədikdə təzyiq vasitəsinə çevrilə bilər.
* “Səni heç kim mənim qədər sevməyəcək” – uşağın gələcəkdə başqa insanlarla sağlam münasibətlər qurmasına dair özünəinamını zəiflədə bilər.
* “Mən olmasaydım, indi olduğun yerdə olmazdın” – valideynin dəstəyini vurğulamaqla yanaşı, övladın öz zəhmətini və uğurlarını kiçildə bilər.
* “Mənə qulaq assaydın, bunların heç biri baş verməzdi” – uşağın səhvlərini daim xatırlatmaq və valideynin həmişə haqlı olduğunu göstərmək məqsədi daşıya bilər.
* “Öz qərarlarını verməyinə etibar edə bilmirəm” – uşağın müstəqil düşünmək və seçim etmək qabiliyyətinə inamını sarsıda bilər.
Məqalədə vurğulanır ki, təkcə bir ifadənin işlədilməsi valideynin narsistik olduğunu göstərmir. Əsas məsələ bu cür sözlərin davamlı şəkildə istifadə edilməsi, uşağın hisslərinin kiçildilməsi və onun müstəqilliyinə sistemli müdaxilə edilməsidir.
Uşaqlar böyüdükcə öz qərarlarını verməyi və səhvlərindən öyrənməyi bacarmalıdırlar. Valideyn dəstəyi isə onların müstəqilliyini zəiflətmək deyil, sağlam özünəinam formalaşdırmaq istiqamətində olmalıdır.
Samir


