Kosmetologiyada yeni aktiv komponent — hidrolizə olunmuş yulaf proteini sürətlə populyarlıq qazanır. Bu tərkib dəridə qıcıqlanmanı sakitləşdirir və dəri baryerini gücləndirir.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya “d'Alba” brendi üçün həkim-kosmetoloq, dermatoveneroloq Yekaterina Ançikova məlumat verib.
Ekspertin sözlərinə görə, yulaf proteini qısa müddətdə dərinin vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər: qızartını azaltmaq, qoruyucu baryeri bərpa etmək və incə qırışların görünüşünü yumşaltmaq kimi təsirlərə malikdir. O, bu təsirin inyeksion dolğulara bənzər nəticə verə biləcəyini, lakin invaziv müdaxilə olmadan əldə olunduğunu bildirib.
Ançikova izah edib ki, tam yulaf zülalı dəriyə nüfuz etmək üçün həddindən böyük molekullara malikdir. Buna görə laboratoriyalarda hidroliz prosesi tətbiq olunur və zülal daha kiçik peptid və amin turşularına parçalanır. Nəticədə kollagen üçün tikinti materialı rolunu oynayan amin turşuları və hüceyrə regenerasiyasını stimullaşdıran bioaktiv peptidlər əldə edilir.
Həkim qeyd edib ki, yulaf proteini xüsusilə qızartı, retinol istifadəsindən sonra yaranan gərginlik və ya küləkdən zədələnmiş dəridə effektivdir.
Onun sözlərinə görə, yulaf peptidləri iltihabın əsas tənzimləyicilərindən biri olan NF-kB-ni bloklayır və bununla da dəridə iltihabi prosesləri azaldır. Nəticədə qaşınma tez bir zamanda azalır və qızartı zəifləyir. O, yulaf proteininin hətta hidrokortizonun təbii alternativi kimi qiymətləndirilə biləcəyini, eyni zamanda yeni doğulmuşlar üçün də uyğun olduğunu bildirib.
Ançikova əlavə edib ki, bu komponent dəri baryerinin bərpasında da mühüm rol oynayır. O, dəridə nəmin saxlanmasını yaxşılaşdırır, transdermal su itkisini azaldır və qoruyucu qat əmələ gətirir. Bundan başqa, yulaf proteini dəri lipidlərinin (seramidlərin) sintezini artıraraq dərinin daha hamar və yumşaq olmasına kömək edir.
Ekspertin sözlərinə görə, yulaf peptidləri kollagen sintezini stimullaşdıraraq yaşlanma əleyhinə təsir göstərir. Nəticədə incə qırışlar azalır, dərinin elastikliyi artır.
Həkim qeyd edib ki, bu tərkib xüsusilə rozasea, ekzema, atopik dermatit və həssas dəriyə malik şəxslər üçün uyğundur. O, həmçinin retinol istifadə edən, lakin qıcıqlanma və qabıqlanma ilə üzləşən şəxslərə də tövsiyə edilir.
Ançikovanın sözlərinə görə, hidrolizə olunmuş yulaf proteini müxtəlif kosmetik formalarda — tonik, serum və krem tərkibində istifadə oluna bilər və dəriyə kompleks təsir göstərir.
Samir


