Qırmızı jenşen ekstraktı hüceyrələrin enerji mübadiləsini stimullaşdırır, bağırsaq mikroflorasının tərkibini və immun reaksiyaları yaxşılaşdırır. Bu nəticəyə Cənubi Koreyanın Kyonqsan Milli Universitetinin tədqiqatçıları gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Təcrübə zamanı sağlam siçovullara beş həftə ərzində müxtəlif dozalarda ekstrakt verilib. Təhlil nəticəsində heyvanlarda qanda trigliserid səviyyəsinin azaldığı, yağ kütləsinin azaldığı və qaraciyər funksiyası ilə bağlı göstəricilərin yaxşılaşdığı müəyyən edilib. Bununla belə, ümumi bədən çəkisi və qida qəbulu miqdarında ciddi dəyişiklik olmayıb.
Əlavə araşdırmalar metabolik proseslərdə dəyişikliklər aşkar edib: xüsusilə qaraciyərdə NAD+/NADH nisbəti artıb ki, bu da hüceyrələrin enerji mübadiləsi ilə əlaqəli göstəricidir. Bu, orqanizmin metabolik aktivliyinin yaxşılaşa biləcəyinə işarə edir.
Alimlər bağırsaq mikrobiotasına da diqqət yetiriblər. Qırmızı jenşen ekstraktı potensial zərərli bakteriyaların sayını azaldıb, Lachnospiraceae ailəsinə aid faydalı mikroorqanizmlərin isə artmasına səbəb olub. Bu bakteriyalar bağırsaq sağlamlığını dəstəkləyən maddələrin yaranmasında iştirak edir.
Bundan əlavə, tədqiqat immun cavabın güclənməsini də göstərib. Xüsusilə orqanizmin infeksiyalara qarşı müdafiəsində və immun reaksiyaların tənzimlənməsində mühüm rol oynayan interleykin-12 molekulunun istehsalı artıb.
Müəlliflər qeyd edirlər ki, əldə olunan nəticələr qırmızı jenşen ekstraktının maddələr mübadiləsindən immun sisteminə qədər kompleks təsir göstərdiyini nümayiş etdirir. Lakin bu nəticələr hələlik klinikadan əvvəlki mərhələyə aiddir və insanlarda təsirin təsdiqi üçün əlavə tədqiqatlara ehtiyac var.
Samir


