Ürək tutması artıq "yaşlı xəstəliyi" deyil - Ani ölümlərin pərdəarxası

SAĞLAMLIQ
11:11 / 21.06.2026
56

Son dövrlərdə baş verən ani ölümlər ürək tutmasına dair narahatlıqları yenidən gündəmə gətirib. 35 və 49 yaşlarında iki şəxsin qısa müddət ərzində həyatını itirməsi diqqət çəkib. Bu mənzərə ürək xəstəliklərinin yaş həddinin getdikcə aşağı düşdüyünü göstərir.

HİT.az xəbər verir ki, son günlərdə yaşanan iki faciəvi ölüm ürək tutmasının yalnız irəli yaşlara aid olmadığını bir daha xatırladıb. 35 yaşlı türk aktrisa Ece İrtemin vəfatından sonra Türkiyə Gebze Cümhuriyyət Prokuroru Ayhan Uyumaz da məhkəmə iclası zamanı keçirdiyi ürək tutması nəticəsində 49 yaşında həyatını itirib.

Mütəxəssislər gənc yaşlarda baş verən ani ürək ölümlərinin tək bir səbəblə izah olunmadığını bildirir. Genetik meyldən tutmuş həyat tərzinə qədər bir çox amil bu riski artırır. Bu səbəbdən risklərin erkən aşkar edilməsi və müntəzəm müayinələrin vacibliyi vurğulanır.

Kardiologiya mütəxəssisi professor Davran Çiçəyin “Milliyyət” qəzetinə verdiyi məlumata görə ən mühüm risk faktorlarından biri genetika hesab olunur. Ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərdə damar sərtliyi daha erkən inkişaf edə bilər. Xüsusilə ailəvi xolesterin yüksəkliyi 30 yaşlarda belə ciddi damar tıxanıqlığına səbəb ola bilər.

Risk yalnız bununla məhdudlaşmır. Siqaret, hərəkətsiz həyat tərzi, artıq çəki, yüksək təzyiq, diabet və güclü stress də gənc yaşda ürək xəstəliklərini artıran əsas amillər sırasındadır. Bəzi ritm pozğunluqları və anadangəlmə ürək əzələsi xəstəlikləri isə zahirən sağlam görünən insanlarda belə qəfil ölümlərə gətirib çıxara bilər.

COVİD-19 mövzusuna da diqqət çəkilir. Mütəxəssislərin sözlərinə görə peyvəndlərin ürək tutması riskini artırdığına dair güclü elmi sübut yoxdur. Lakin COVİD-19 infeksiyasının özü damar iltihabı və laxtalanma mexanizmləri vasitəsilə ürək tutması riskini artırır.

Xüsusilə ailəsində erkən yaşda ürək xəstəliyi olan şəxslərin diqqətdən kənarda qalmaması tövsiyə olunur. Sinə ağrısı, ürəkdöyünmə və huş itirmə kimi əlamətlərdə mütləq kardioloji müayinə məsləhət görülür. İdmanla məşğul olan uşaqlar və gənclər üçün ən azı bir dəfə ürək müayinəsi həyati əhəmiyyət daşıyır.

Mütəxəssislər həmçinin genetik xəstəliklər və ritm pozğunluqları üzrə ixtisaslaşmış klinikaların sayının artırılmasının vacibliyini bildirir. Bu yolla riskli şəxslərin daha erkən aşkarlanması və ani ölümlərin qarşısının alınması mümkün ola bilər.

Samir
 

0